Badmintonçularımız Nikosiyada 5 medal qazandılar

Badmintonçularımız Nikosiyada 5 medal qazandılar

Azərbaycanın yeniyetmə badmintonçuları Kiprin paytaxtı Nikosiyada keçirilən "Cyprus International 2023" beynəlxalq turnirində 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Komandamızın heyətində qızıl medala 15 yaşadək oğlanların fərdi yarışında mübarizə aparan Əli Gözəlov layiq görülüb. İdmançımız Polşa, Yunanıstan və Kipr təmsilçilərinə qalib gələrək müvafiq kateqoriya üzrə ən güclü adına sahib çıxıb.

15 yaşadək badmintonçuların fərdi yarışında finala kimi irəliləyən Leyla Camalzadə isə gümüş medalla kifayətlənib. Leyla Camalzadə - Aysu Kərimzadə cütlüyü bu yaş kateqoriyası üzrə qızların qoşa yarışında finala kimi yüksələrək gümüş medala yiyələnib. Əli Gözəlov və Aysu Kərimzadə 15 yaşadək badmintonçuların qarışıq-qoşa kateqoriyasında bürünc medala sahib çıxıb.

Sərxan Bağırov - Əli Gözəlov cütlüyü isə 17 yaşadək idmançıların mübarizəsində ilk "üçlük"də yer alaraq bürünc medal əldə edib.

Yeniyetmə badmintonçularımız bu il İsrail, Xorvatiya və Serbiyada keçirilən beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsüdə yer alaraq müxtəlif əyarlı medallar qazanıblar.