Aprelin 4-də Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin növbəti iclası keçirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) mətbuat xidmətindən verilən məlumata görə, iclasda yarışa hazırlıq işlərinin vəziyyəti ətraflı müzakirə olunub.
Təşkilat Komitəsinin sədri, AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, bu mötəbər beynəlxalq yarışın uğurla keçirilməsi üçün zəruri olan bütün tədbirlər görülür.
İclasda logistika məsələləri, marşrutlar üzrə yolların texniki vəziyyəti, təhlükəsizlik tədbirləri, viza təminatı, komandaların qarşılanması və yerləşdirilməsi, onların asudə vaxtlarının təşkili, ölkəmizin görməli yerləri, 4-cü və 5-ci mərhələlərin keçiləcəyi işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri ilə bağlı məlumatların yarış iştirakçılarına çatdırılması, “Eurosport” və “CBC Sport” telekanalları ilə yüksəksəviyyəli yayımın təşkili, həmçinin yarış günlərində operativ idarəetmə ilə bağlı məsələlər ətraflı müzakirə edilib, koordinasiyanın gücləndirilməsi, işlərin vaxtında və yüksək səviyyədə tamamlanması üçün əlavə tapşırıqlar verilib.


