Gimnastlarımızdan uğurlu nəticə

Gimnastlarımızdan uğurlu nəticə

 

Dekabrın 13-17-də batut gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niftəliyev, Mehdi Əliyev, Ammar Baxşalıyev, İbrahim Mustafazadə, Ayan Şabanova, Samirə Hüseynova, Səma Cəfərova, Şəfiqə Hümbətova, Melisa İsmixanova, Selcan Mahsudova, Fərhad Mustafayev, Ömər Qasımlı, Səbuhi Süleymanlı, Fərhad Vəliyev Özbəkistanın Daşkənd şəhərində təşkil olunan beynəlxalq turnirdə qüvvələrini sınayıblar.
Təmsilçilərimiz uğurla çıxış edərək 11 medala sahib çıxıblar.
Millimizin üzvləri Selcan Mahsudova, Fərhad Mustafayev və Nicat Mirzəyev fərdi proqramda özünəinamlı çıxışları ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.
Bu yaxınlarda İngiltərənin Birminqem şəhərində keçirilən dünya yaş qrupları yarışlarında sinxron proqramda gümüş medala layiq görülən Samirə Hüseynova və Ayan Şabanova Özbəkistanda da ümidləri doğruldaraq eyni çıxış proqramında fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Təmsilçilərimiz Ömər Qasımlı və Əli Niftəliyev fərdi proqramda gümüş medal əldə ediblər.
Yığmamızın üzvləri Fərhad Mustafayev və Ömər Qasımlı, eləcə də Əli Niftəliyev və Mehdi Əliyev isə sinxron proqramda eyni uğura imza atıblar.
Fərdi proqramda çıxış edən Səma Cəfərova və Ammar Baxşalıyev isə beynəlxalq turniri bürünc medalla başa vurublar. Səma Cəfərova sinxron proqramda da komanda yoldaşı Şəfiqə Hümbətova ilə fərqlənərək üçüncü pillədə qərarlaşıb.