Milli Paralimpiya Komitəsinin (MPK) idarə heyətinin iclası keçirilib.
MPK-dan verilən məlumata görə, iclasda komitənin Prezidenti Hidayət Abdullayev, vitse-prezidenti İlham Zəkiyev, idarə heyətinin üzvləri Jalə Əhmədova, Ramilə Mahmudova, Boccia Federasiyasının prezidenti Vüqar Behbudov və komitə nümayəndələri iştirak ediblər.
İclasın əvvəlində 2023-cü il ərzində MPK-nin fəaliyyəti barədə ümumi məlumat verilib, idman nəticələri ilə bağlı hesabat təqdim olunub, beynəlxalq əlaqələr üzrə görülmüş işlər haqqında danışılıb. Həmçinin maliyyə hesabatı müzakirə edilib.
Daha sonra Azərbaycan yığma komandalarının Paralimpiya Oyunlarına hazırlaşması və iştirakı ilə bağlı məsələlər müzakirə edilərək, “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına hazırlıq, nüfuzlu yarışın təşkilat komitəsi ilə keçirilən görüşləri haqqında məlumat verilib.
Qarşılıqlı müzakirə şəklində davam edən iclasın sonunda isə yeni təqvim ilində komitə tərəfindən görüləcək işlər və 2024-cü ilin idman təqvimi iclas iştirakçılarına təqdim olunub.