Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə SSRİ çempionu, professor Tofiq Karayevin şərəfinə həsr olunmuş üçnövçülük üzrə ölkə yarışı keçirilib. Respublika Olimpiya Mərkəzində təşkil olunan yarışda Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Bərdə, Quba və Xaçmazı təmsil edən 2010-2011-ci illər təvəllüdlü 80 idmançı mübarizə aparıb. İştirakçılar 60 və 200 metr məsafəyə qaçış və uzunluğa tullanma yarışlarında qüvvələrini sınayıblar. Həm 60, həm də 200 metr məsafəyə qaçışda oğlanlar arasında Tuncay Hümbətov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qızların mübarizəsində isə Fidan Osmanova hər iki məsafə üzrə qaçış yarışında birinci olub. Uzunluğa tullanma üzrə yarışda oğlanlarda Tuncay Hümbətov, qızlarda Səlma Ağabəyova ən yüksək nəticəni göstərib. Üçnövçülük üzrə ümumi hesabda oğlanlarda Tuncay Hümbətov qızıl medala sahib çıxıb. Əkbər Dadaşlı ikinci, Nurlan Mərdanov üçüncü yeri tutub. Qızlarda isə Fidan Osmanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səlma Ağabəyova və Nila Heydərova müvafiq olaraq, ikinci və üçüncü pillələrdə yer alıblar.