Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Masallı rayonunda səfərdə olub.
Federasiya prezidenti səfər çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri Sabiq Cahangirov və digər qonaqlarla birgə Masallı Olimpiya İdman Kompleksində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş məktəblilər arasında voleybol turnirinin oyunlarını izləyib. O, burada idmançılarla söhbət edib, onlar üçün yaradılan şəraitlə yaxından tanış olub. Şahin Bağırov, uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. Federasiya rəhbəri ölkədə voleybolun inkişaf etdirilməsinə yönələn bu və digər layihələrin, tədbirlərin davam etdiriləcəyini də bildirib.
Qeyd edək ki, voleybolun inkişafı çərçivəsində digər bölgələrimizdə də belə görüşlər təşkil ediləcək.