Bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatına yekun vuruldu

Bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatına yekun vuruldu



Gimnastika ölkəmizdə kifayət qədər populyarlığa malikdir. Son illər respublikamızda idmanın bu növü yüksək sürətlə inkişaf edib. Azərbaycan Gimnastika Federasiyasının prezidenti (AGF) Mehriban xanım Əliyevanın səmərəli və məqsədyönlü fəaliyyəti nəticəsində gimnastika respublikamızda çox populyarlaşmış, uşaq, yeniyetmə və gənclərin bu idman növü üzrə bölmələrə axını artmışdır. Bu sahəyə federasiya rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı sayəsində gimnastikanın maddi-texniki bazası gücləndirilib, daha da böyük uğurlar əldə olunub. Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi gimnastikanın inkişafı, kütləviliyi üçün paytaxtla yanaşı, respublikamızın ayrı-ayrı bölgələrində də fəaliyyətini genişləndirir. İndiyəqədər AGF-in dəstəyi ilə Sumqayıt, Gəncə, Xırdalan, Qusar, Göyçay, və Şabranda yeni gimnastika bölmələri istifadəyə verilib. Gimnastika yarışları təkcə Bakıda deyil, eyni zamanda, Bakı ətrafı qəsəbələrdə və bölgələrdə inşa olunan Olimpiya idman komplekslərində keçirilir. Məhz bu cür yarışlar yeniyetmə gimnastlara təcrübə qazandırır, onların müxtəlif beynəlxalq turnirlərdə əldə etdikləri nailiyyətlərin əsasını təşkil edir. Heç də təsadüfi deyil ki, gimnastlarımız ildən-ilə öz uğurlarını artırırlar. Əvvəlki illərlə müqayisədə, bu növdə qazanılan medalların sayı artmaqdadır.
Noyabrın 19-da İsmayıllı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı keçirildi. Yarışda həm böyüklər, həm də 1998-2000-ci illər təvəllüdlü 20 gimnast bacarığını nümayiş etdirdi. Çempionatda Respublika Kompleks İdman Məktəbi və «Baku Fleyms» klubunun gimnastları ilə yanaşı, «Neftçi»İSM, Bakı Gimnastika Məktəbi, «Spartak» və «Sərhədçi»nin təmsilçiləri də çıxış edirdilər. Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə apardılar. Qeyd edək ki, son beş ildə Azərbaycan çempionu olan Aliyə Qarayeva London Olimpiadasından sonra böyük idmanı tərk edib. Bu dəfə qızıl medala iddiaçılar ötən il analoji yarışın gümüş mükafatçıları olmuş Lalə Yusifova və Marina Durunda hesab edilirdilər. Maraqlısı isə odur ki, çempionat iki il əvvəl olduğu kimi yeni də paytaxtdan kənarda təşkil olunurdu. Xatırladaq ki, iki il bundan əvvəl ölkə çempionatı Qusar Olimpiya İdman Kompleksində təşkil olunmuşdu.
Yarışların açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, İsmayılli rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Azərbaycan Gimnastika Fedrasiyasını baş katibi Fərid Qayıbov çıxış etdilər. Çıxış edənlər dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrildiyini Azərbaycanda idmanın yüksək səviyyəli dövlət qayğısı ilə əhatə olunduğunu bildirdilər. Qeyd olundu ki, məhz bu qayğının nəticəsidir ki, ölkəmizdə ən mötəbər idman yarışları təşkil olunur, idmançılarımız beynəlxalq yarışlarda onlara bəslənilən ümidləri doğruldurlar. Gimnastikanın ölkəmizdə populyar idman növü olduğunu deyən natiqlər bədii gimnastlarımızın Azərbaycan idmanına öz töhfələrini verdiklərini, beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil etdiklərini bildirdilər. Qeyd olundu ki, Azərbaycan Gimnastika Federasiyasının gərgin əməyi, məqsədyönlü fəaliyyəti nəticəsində idmanın bu növü respublikamızda geniş vüsət alıb, yeniyetmə və gənclərin gimnastika bölmələrinə axını artıb.
Dövlət himni səsləndirildikdən sonra yarışkara start verildi.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışların yekununa əsasən, 1998-2000-ci illər təvəllüdlü gimnastlar arasında Jalə Piriyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Züleyxa İsmayılova ikinci, Beyza Demir üçüncü oldu. Böyüklərin mübarizəsində isə Marina Durunda mütləq ölkə çempion adını qazandı. Lalə Yusifova gümüş, Ayşən Bayramova isə bürünc medal əldə etdi. Çempionata ən yaxşı gimnastların, eləcə də, İsmayıllı təmsilçilərinin ifasında Qala-konsertlə yekun vuruldu.


Yarışlar başa çatdıqdan sonra mükafat qazanmış idmançıların və bədii gimnastika üzrə baş məşqçi Mariana Vasilyevanın fikirlərini öyrəndik.

Mariana Vasileva, bədii gimnastika üzrə yığmanın baş məşqçisi:
- Ölkə çempionatında gimnastlarımız ilk dəfə yeni proqramla çıxış etdilər. İdmançıların hər biri 4 yeni proqram nümayiş etdirdi. Gimnastlarımız fevral ayının əvvəlindən bu proqramla beynəlxalq yarışlarda çıxışlara başlayacaqlar. Ölkə çempionatı bir növ həm də yoxlama xarakteri daşıyırdı. Bu yarışda biz gimnastların yeni kompozisiyalarının ifası zamanı çatışmayan cəhətlərə bir daha nəzər yetirdik. İlk mərhələdə müəyyən səhvlər yolverilən idi. Amma ümumilikdə gimnastların yeni proqramla çıxışlarından razı qaldım. Bir neçə idmançı ölkə çempionatında medal qazanmağa nail oldu. Hiss olunur ki, idmançılar arasında güclü rəqabət var. Fevralın əvvəlində komanda üzvlərinin çıxış edəcəyi ilk yarış «Miss Valentina» beynəlxalq turniri olacaq. Daha sonra gimnastlarımız Dünya kubokunun mərhələ yarışlarında iştirak edəcəklər. Gələn il əsas diqqətimiz Bakıda keçiriləcək Avropa çempionatına hazırlıqlara yönələcək.


«Bu il qazandığım nəticələrimi növbəti ildə daha da yaxşılaşdırmağa çalışacağam»

Marina Durunda, çoxnövçülük növü üzrə mütləq ölkə çempionu:

- Yarışda əsas məqsədim bütün növlər üzrə hərəkətləri yüksək səviyyədə yerinə yetirmək və potensialımı tam olaraq nümayiş etdirmək idi. Çıxışımdan razı qaldım. Gürz və lentlərlə çıxışlarımda kiçik səhvlərə yol verdim. Növbəti çıxışlarım zamanı həmin səhvləri aradan qaldırmağa çalışacağam. Ölkə çempionu tituluna ilk dəfə yiyələnirdim. Mövsümün sonu olduğundan yarışlara psixoloji cəhətdən yüksək səviyyədə hazırlaşmışdım. Bizi İsmayıllıda yüksək səviyyədə qarşıladılar. Burada bizim üçün konsert proqramı və banket təşkil olunmuşdu. Burada göstərilən diqqət və qayğının əvəzində bizə yalnız yüksək səviyyəli çıxış nümayiş etdirmək qalırdı. Qarşıda məni gələn il Bakıda keçiriləcək Avropa çempionatı gözləyir. Avropa çempionatında medal qazanmaq üçün var qüvvəmlə çalışmalıyam. Əsas məqsədlərimdən biri də Olimpiya Oyunlarının iştirakçısı olmaqdır. Məncə, Olimpiadada iştirak etmək hər bir gimnastın arzusudur. 2015-ci ildə Azərbaycanda Avropa Oyunları keçiriləcək. İnanıram ki, doğma azarkeşlərin dəstəyi sayəsində Bakıda uğurla çıxış edəcəyəm. Yaxşı nəticələr göstərmək üçün öz üzərimizdə çox işləməliyəm. Bu il qazandığım nəticələrimi növbəti ildə daha da yaxşılaşdırmağa çalışacağam.


«Gimnastların yeni proqramla çıxışlarından razı qaldım»
«Orijinal kompozisiyalarla bundan sonra da azarkeşlərimi sevindirməyə çalışacağam»
Lalə Yusifova, ölkə çempionatının gümüş mükafatçısı:
Ümumilikdə çıxışımdan razı qaldım. Amma məncə, bundan da yaxşı çıxış edə bilərdim. Düşünürəm ki, potensialımı tam olaraq nümayş etdirməmişəm. Bunun üçün zamana ehtiyac var. Orijinal kompozisiyalarla bundan sonra da azarkeşlərimi sevindirməyə çalışacağam. Yığmanın məşqçisi Mariana Vasileva bizim üçün çox gözəl proqram qurub. Bu proqramı daha da təkmilləşdirərək, mükəmməl səviyyədə yerinə yetirməyə çalışmalıyıq. Qarşıda yeni yarış mövsümü gəlir. Təkcə Azərbaycanda deyil, beynəlxalq arenalarda da ölkəmizi layiqincə təmsil etmək üçün öz üzərimdə çox işləməliyəm.
Gələn ilin bizim üçün əsas yarış Bakıda keçiriləcək Avropa çempionatı olacaq. Qarşıdakı yarışlarda da tamaşaçıların ümidlərini doğrultmağa çalışacağam.





Aysel Sultanova