Güləş üzrə “Qızıl Qran-pri” turniri ilə bağlı mətbuat konfransı keçirildi

Güləş üzrə “Qızıl Qran-pri” turniri ilə bağlı mətbuat konfransı keçirildi

Noyabrın 21-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi ilə əlaqədar mətbuat konfransı keçirildi. Tədbirdə Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov və FİLA-nın nümayəndəsi Çaba Heqeduş iştirak edirdilər. Konfransda çıxış edən Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov yarış haqqında ətraflı məlumat verdi: "Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri” turniri Beynəlxalq Güləş Federasiyasının (FİLA) təqvim planına daxil edilmiş ən mühüm yarışlardan biridir.


"Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək yarışda 32 ölkədən dünyanın 400-ə yaxın ən güclü pəhləvanı mübarizə aparacaq. Yarışın keçirilməsi Azərbaycan güləşçilərinin ustalıqlarının artırılması üçün çox yaxşı təcrübə olacaq. Turnirin ulu öndər Heydər Əliyevin adını daşıması idmançılarımız üçün həm məsuliyyətli, həm də şərəflidir. "Qızıl Qran-pri” turnirində dünyanın sayılıb-seçilən idmançıları bacarıqlarını nümayiş etdirəcəklər. Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə turnirlə bağlı Təşkilat Komitəsi yaradılıb. Təşkilati məsələlər federasiya rəhbərliyinin diqqətindədir. Bütün təşkilati işlər yüksək səviyyədədir. Biz bu yarışa tam hazırıq. Yarış zamanı Azərbaycana yeni gətirdiyimiz döşəklərdən istifadə olunacaq. FİLA-nın rəsmiləri də yarışları izləyəcəklər. Komandalarımız yüksək səviyyədə təlim-məşq toplanışı keçiblər. Yarışa tam heyətlə qatılacağıq. Lakin London-2012 Yay Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov və Həsən Əliyev zədələndikləri üçün bu yarışda iştirak etməyəcəklər. Ümid edirəm ki, "Qızıl Qran-pri” turniri bu il də yüksək səviyyədə keçiriləcək və güləşçilərimiz layiqli mübarizə aparacaqlar”.
Sonra isə FİLA-nın nümayəndəsi Çaba Heqeduş fikirlərini bildiridi. O, Azərbaycanın yarışa yüksək səviyyədə hazırlaşdığını qeyd etdi. "Bu yarış dünya güləşinin inkişafı baxımından çox önəmlidir. Bütün dünyanın diqqəti Azərbaycana yönələcək. Bu turnir Azərbaycanın dünyada tanınması üçün də əhəmiyyətlidir. Yarışa maraq çox böyükdür. Belə yüksək səviyyəli yarış güləşin olimpiadanın proqramında saxlanılmasının düzgün qərar olduğunu təsdiq edir”, - deyə o əlavə etdi.
"Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək turnirdə 32 ölkədən 400-ə yaxın idmançı mübarizə aparacaq. Azərbaycan güləş yığmaları 6-cı dəfə təşkil olunan beynəlxalq turnirə ciddi hazırlaşıblar.
Yarışların ilk günündə döşək üzərinə çıxacaq yunan-Roma güləşi üzrə yığma komandamız 21 idmançı ilə qüvvəsini sınayacaq. Baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərliyi altında Orxan Əhmədov, Eldəniz Əzizli, Murad Bazarov, Sakit Quliyev (hamısı 55 kq), Kamran Məmmədov, Taleh Məmmədov, Rövşən Bayramov, Rövşən Tağıyev (hamısı 60 kq), Rəsul Çunayev, Vitali Rəhimov, Azad Əliyev (hamısı 66 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov, Rüstəm Əliyev, Niyaməddin İbrahimov (hamısı 74 kq), Saman Təhmasibi, Orxan Nuriyev, Şəhriyar Məmmədov (hamısı 84 kq), Şalva Qadabadze, Araz Həsənov (hər ikisi 96 kq) və Şəriət Sabahi (120 kq) ölkəmizi təmsil edəcəklər.
Qadın güləşçilərinin yarışında isə 9 pəhləvanımız qalib adı uğrunda yarışacaq. Baş məşqçi Yaqub Məmmədovun rəhbərlik etdiyi heyətdə Şəfəq Muradzadə, Kəmalə Əliyeva, Anjela Doroqan (hamısı 48 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç, İrina Netreba (hər ikisi 59 kq), Raqnetta Qurbanzadə (63 kq), Gözəl Zutova və Nataliya Palamarçuk (hər ikisi 67 kq) yer alıblar.
Yeni baş məşqçi Semyon Çterevin rəhbərlik etdiyi sərbəst güləş üzrə yığma komandamız 24 nəfərlik heyətlə turnirin son günündə mübarizəyə qoşulacaq. Mahmud Məhəmmədov, Yaşar Əliyev, Ruslan Surxayev, Mircəlal Həsənzadə (hamısı 55 kq), Hacı Əliyev, Ümid Məmmədov, Əhmədnəbi Qvarzatilov (hamısı 60 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Ruslan Dibirhacıyev, Coşqun Əzimov (hamısı 66 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev, Emin Əzizov, Bəxtiyar İsrafilli (hamısı 74 kq), Aleksandr Qostiyev, İbrahim Usubov, Həmzət Osmanov (hamısı 84 kq), Xetaq Qazyumov, Şərif Şərifov, Hacı Əlicanov (hamısı 96 kq), Cəmaləddin Məhəmmədov,Əli İsayev və Aslan Dzebişov (hamısı 120 kq) sərbəst güləşçilərin yarışında ölkəmizi təmsil edəcəklər.
Məlumat üçün qeyd edək ki, bu gün saat 17.00-da turnirin təntənəli açılış mərasimi olacaq. Yarışlar hər gün səhər saat 10.00-da başlayacaq. Final görüşləri isə axşam saat 18.00-da keçiriləcək.
Yarışların proqramına əsasən, turnirin ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Noyabrın 23-də qadın, 24-də isə sərbəst güləş üzrə qaliblər müəyyənləşəcək.