“Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib

“Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib


Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi”mövzusunda konfrans keçirilib. Tədbirdə müxtəlif media orqanlarının baş redaktorları, eləcə də Nizami Rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Konfrans iştirakçılarını salamlayan Nizami RİH-in başçısı Tahir Budaqov bu qəbildən olan görüşlərin artıq ənənəvi xarakter aldığını diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli konfrans iştirakçılarını salamlayaraq bildirib: "Bu görüşlərin keçirilməsində məqsəd media ilə icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsidir. Nizami RİH-lə artıq 3-cü dəfədir ki, belə görüş təşkil olunur. Bu görüşdə ictimai rəyə təsir edən media orqanlarının təmsilçiləri iştirak edirlər”. Natiq onu da qeyd etdi ki, ölkəmizin yeni müstəqillik tarixində Azərbaycan mediası dinamik inkişaf yolu keçib və hazırda bu proses davam etməkdədir. Sonra Fondun icraçı direktoru konfransa qatılan media orqanlarının baş redaktorlarını və digər təmsilçilərini iştirakçılara təqdim edib. Çıxış üçün söz alan Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov isə konfransın əhəmiyyətindən danışaraq yerli icra hakimiyyəti orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Şura sədri Azərbaycanda medianın inkişafının cəmiyyətin hər bir üzvündən, eləcə də dövlət qurumlarında çalışan məmurlardan asılı olduğunu qeyd edib: "Konkret bu formatda keçirilən tədbirlər jurnalist-məmur münasibətlərinin inkişafına, informasiyanın daha asan əldə olunmasına böyük töhfələr verir. Media xalqın, millətin inkişafı üçün çox vacib rol oynayır. Bu gün Azərbaycan mediası azaddır. Onun maliyyə müstəqilliyinin gücləndirilməsi üçün dövlət tərəfindən məqsədyönlü addımlar atılır. Buna ən yaxşı misal kimi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını göstərmək olar. Fond hər il jurnalistlər üçün müsabiqələr təşkil edir, mətbu orqanların layihələrinə maliyyə yardımları ayırır”. Əflatun Amaşov onu da bildirib ki, yerli icra qurumları mətbuatla əməkdaşlıqdan çəkinməməlidirlər: "Mediadan edilən müraciətlərə cavab vermək, ünvanlanan sualları vaxtında cavablandırmaq vacibdir”, - deyə o bildirib. Nizami RİH-in başçısı Tahir Budaqov isə rayonda gedən sosial-iqtisadi inkişafdan, geniş abadlıq-quruculuq işlərindən də danışıb: "Nizami rayonu ərazi baxımdan Bakının ən kiçik rayonlarındandır. Paytaxt ərazisinin təxminən 0,9 faizi bu rayonun payına düşür. Ərazisi 19,6 kvadrat kilometr olsa da, burada insan sıxlığı kifayət qədər yüksəkdir. Rayonun iqtisadiyyatının formalaşmasında istehsal sahələri, eləcə də xidmət sektoru mühim rol oynayır. Bu gün Nizami rayonunda "Bakı Yağ, Qida” fabriki, nüxtəlif növ şokalad məmulatları istehsal olunan "Ulduz” şokalad fabriki, dəmir-beton məmulatları istehal olunan "Azərtunelmetrotikinti” SC-nin DBK zavodu, "Körpü, Tunel” ATSC, neft məhsulları istehsal olunan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və sair istehsal müəssisələri fəaliyyət göstərir. Rayonun iqtisadiyyatının inkişafı üçün son beş ildə 723,4 milyon manatlıq sərmayə qoyulub ki, bunun da hamısı istehsal təyinatlıdır. Əhaliyə göstərilən nəqliyyat və rabitə xidmətinin səviyyəsi xeyli yüksəlib. Son beş ildə əhaliyə 665,0 milyon manatlıq nəqliyyat, 894,9 milyon manatlıq rabitə xidməti göstərilib. 2009-2013-cü illərdə rayonda 9181 yeni iş yeri açılıb, 500-dək sahibkarlıq subyekti qeydə alınıb. Rayonumuzda məktəblilərin hərbi-vətənpərvərlik tərbiyyəsinin artırılması istiqamətində tədbirlər həyata keçirilir. "Şahin” hərbi-idman oyunlarında rayonumuzu təmsil edən komanda dəfələrlə uğura imza atıb, 2013-cü ildə isə komanda respublika mərhələsində 1-ci yerə layiq görülüb”. Kommunal, istilik və digər xidmət sektorlarında görülən işlər barədə də icra başçısı tərəfindən konfrans iştirakçılarına geniş məlumat verilib. Tədbirin sonunda "Nizami rayonun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda jurnalistlər üçün müsabiqə elan edilib.