Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Azad Rəhimova

Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Azad Rəhimova


Hörmətli cənab nazir!

Şahmat üzrə Avropa çempionatında Azərbaycan şahmatçılarının uğurlu və əzmli qələbəsi ilə bağlı olaraq Sizi, sizin simanızda xalqımıza bu böyük sevinci bəxş edən şahmatçılarımızı, qələbəmizə sevinən hər bir azarkeş dostumuzu ürəkdən təbrik edir, komandamızın hər bir üzvünə yeni-yeni qələbələr və zirvələr fəth edilməsini arzulayıram.
Məlumdur ki, şahmat oyunu dərin təfəkkür , riyazi-fəlsəfi təhlil, qələbəyə istiqamətlənmiş düzgün strateji qərarların vaxtında qəbulu baxımından digər idman növlərindən fərqlənir. İnkaredilməzdir ki, bütün bu sadalanan keyfiyyətlər qədim zamanlardan bəri xalqımıza məxsus ali xüsusiyyətlərdəndir.
Ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev xalqına xidmət etdiyi bütün dövrlər ərzində, yorulmaz və dünya siyasətinə nümunə olan fəaliyyəti boyunca Azərbaycan xalqına xas olan bu keyfiyyətləri incəliklə, həssaslıqla nəzərə almışdır. Dahi və unudulmaz liderimizin milli idarəetmədə özünəqayıdış, milli dirçəliş prinsipləri xalqın təfəkküründə mövcud olan bu keyfiyyətlərin oyanması və yenidən canlanması məqsədinə xidmət etmişdir. Ümummilli liderimiz şahmat sahəsinin də inkişafına göstərdiyi qayğını məhz bu prinsiplərin bir qolu kimi qəbul etmişdir.
Hesab edirik ki, şahmatçılarımızın bu gün dünyanı heyrətə salan bu qələbəsi əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş şahmata olan qayğının cənab Prezident, zati-aliləri İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu qayğı, bu diqqət bizə həddən artıq sevinc, qürur və fəxr hissi bəxş edir. Avropanı təfəkkürü və inamlı qələbəsi ilə fəth etmiş komandamızın yeni qələbələrlə tezliklə bütün dünyaya səs salacağına inandığımızı bildirməkdən şərəf duyuruq. Bir daha Sizi, rəhbərlik etdiyiniz kollektivi və komandamızın üzvlərini qələbə ilə bağlı ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
V.Sultanzadə,
Azərbaycan Respublikasının Türkmənistandakı səfiri