Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun oyunlarına yekun vurulub.
Turun son oyununda "Qarabağ" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hesab matçın 6-ci dəqiqəsində açılıb. Naxçıvan təmsilçisinin futbolçusu Numan Kurdiç topu öz qapısına vurub. Qarşılaşmanın 21-ci və 61-ci dəqiqələrində Abdullah Zubir iki dəfə fərqlənməklə "Qarabağ"ın qələbəsində pay sahibi olub. Qonaqların heyətində isə 71-ci dəqiqədə Mohammed Kadiri təsəlli qolunu vurub.
Matçı 3:1 hesablı qələbə ilə başa vuran Qurban Qurbanovun komandası xallarının sayını 44-ə çatdıraraq, liderliyini bir qədər də möhkəmləndirib. "Köhlən atlar" hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Zirə" və "Sumqayıt"ı 14 xal qabaqlayır. Aktivində 26 xalı olan “Araz-Naxçıvan” isə 6-cı pilləyə enib.