Fevralın 1-də Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə əlaqədar I Baş Assambleya öz işinə başlayıb.
Binə Atçılıq Mərkəzində təşkil olunan tədbirdə bütün qitələri əhatə edən 19 ölkədən 29 nümayəndə iştirak edib.
Tədbirn açılış mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və xarici ölkələrdən gələn qonaqlar iştirak ediblər. Mərasim iştirakçıları suvarilərin Qarabağ atları ilə milli rəqs kompozisiyasında şoularını izləyiblər.
Ardınca Beynəlxalq Çövkən Federasiyasının Baş Assambleyasına start verilib. Tədbirdə çıxış edən Elçin Quliyev qonaqları salamlayaraq Beynəlxalq Çövkən Federasiyasının hazırkı təsis iclasının böyük önəm kəsb etdiyini bildirib.
Baş Assambleyada fəxri qonaq qismində çıxış edən Çingiz Hüseynzadə Azərbaycan üçün tarixi an yaşandığını qeyd edib. "Bu cür təşəbbüs təqdirəlayiqdir. Qonaqları əmin etmək istəyirəm ki, Milli Olimpiya Komitəsi bu idman növünün inkişafına dəstək verəcək. İnanıram ki, bu federasiya yaşayacaq və gələcəkdə mötəbər yarışlar təşkil edəcək", - deyə Çingiz Hüseynzadə bildirib.
Gənclər və idman naziri Fərid Qayıbov isə öz növbəsində qonaqları salamlayaraq, çövkənin Azərbaycan üçün böyük önəm kəsb etdiyini deyib. Nazir tarixi gün yaşandığını və çövkənin inkişafı üçün hər cür köməyə hazır olduqlarını vurğulayıb.
I Baş Assambleya fevralın 2-də işinə davam edəcək. Həmin gün yeni yaradılan federasiyanın Əsasnaməsi təsdiq olunacaq, eyni zamanda prezident və vitse-prezidentlər postuna seçkilər keçiriləcək.