“Bakı-2015”-in loqosu Azərbaycanın qədim və müasir mədəniyyətinin beş başlıca elementini əks etdirir

“Bakı-2015”-in loqosu Azərbaycanın qədim və müasir mədəniyyətinin beş başlıca elementini əks etdirir

2015-ci ilin iyun ayında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək ilk Avropa Oyunlarının rəsmi loqosu Avropa Olimpiya Komitəsinin ümumi yığıncağında təqdim olunmuşdur.

Loqo Avropa Olimpiya Komitəsinin (AOK) İtaliyanın paytaxtı Romada keçirilən 42-ci yığıncağında təqdim edilmişdir.
Noyabrın 23-də eyni vaxtda Bakı və Madr
iddə də loqonun təqdimat mərasimi keçirilmişdir.
Bakıda keçirilən təqdimat mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə əvvəlcə Azərbaycan və loqo ilə bağlı videoçarx göstərilmişdir. Sonra atletlər loqo ilə bağlı fikirlərini bildirmişlər.
Loqonun dizayneri 35 yaşlı azərbaycanlı Adəm Yunusov demişdir: "Mən bununla Azərbaycan xalqının ölkəmizdə birinci dəfə keçiriləcək Avropa Oyunlarına olan həvəsini ifadə etmək istədim. Bu, həmin ideyanı əks etdirən əlamətdar bir loqodur. Azərbaycanı dünyada tanıdacaq loqonu hazırlamağımla qürur duyuram”.
Olimpiya çempionları da çıxış edərək Bakıda keçiriləcək ilk Avropa Oyunlarının rəsmi loqosunu dəstəklədiklərini bildirmişlər.
Loqo Azərbaycanın qədim və müasir mədəniyyətinin beş başlıca elementini əks etdirir. Açıq ictimai müsabiqədə seçilmiş loqo ölkəmizin təbii gözəlliklərini, mədəniyyət və irsini, o cümlədən sürətlə böyüyən şəhərlərdən biri kimi, Bakının assosiasiyasını təsvir edir.
Loqodakı təsvir olunmuş xalı özündə Azərbaycan xalçaçılıq sənətini, əksər xalçaçılıq bölgələrində şifahi və əməli şəkildə nəsildən-nəslə ötürülən ailə ənənəsini əks etdirir. Loqonun bu elementi Bakı-2015 planlarına xas olan mədəni irsin, müxtəlifliyin və yaradıcı ifadənin vacibliyi kimi prinsipləri özündə cəmləmişdir. Azərbaycan "Odlar Yurdu” kimi tanınmışdır. Alov elementi isə paytaxtımızın Avropanın ilk Oyunlarına öz sahibliyi etmək üçün arzusunu əks etdirir. Dalğa Bakının Xəzər dənizinin sahili boyu Şərq-Qərb oxu üzrə dinamik inkişafının və qitədə idmanın gələcəyini formalaşdıracaq Avropa Oyunları üçün yeni konsepsiyasının rəmzidir. Simurq quşu elementi Azərbaycan xalqının təbiətlə bağlılığının, onların 2015-ci ildə atlet, azarkeş və rəsmiləri qarşılayarkən göstərəcəkləri mehribanlıq və qonaqpərvərliyin göstəricisidir. Nar isə Bakı-2015-in avropalıları idman sahəsində bir araya gətirməklə və gələcək nəsillər üçün miras qoymaq ambisiyasını bildirir.
Xatırladaq ki, Avropa Olimpiya Komitəsinin ötən il dekabrın 7-8-də Romada keçirilmiş Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilməsi ilə bağlı tarixi qərar qəbul edilmişdir.