Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun oyunlarına start verilib.
Turun açılış oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. Turnir cədvəlinə başçılıq edən “Qarabağ” klubu “Sabah”ı qəbul edib. 4 penalti zərbəsinin təyin olunduğu oyunda qalib müəyyənləşməyib -3:3.
Matçda hesab 31-ci dəqiqədə açılıb. Meydan sahiblərindən Marko Yankoviç penaltidən hesabı açıb. İlk hissəyə əlavə olunmuş birinci dəqiqədə İshak Belfodil penalti zərbəsi ilə hesabı bərabərləşdirib. Fransalı hücumçu 54-cü dəqiqədə növbəti dəfə penaltidən fərqlənərək “Sabah”ı hesabda önə keçirib. Lakin ev sahibləri 10 dəqiqə sonra hesabda tarazlığı bərpa ediblər. Bu dəfə təyin olunan onbirmetrlik zərbəni çempionatın bombardiri Olavio Juninyo dəqiq yerinə yetirib.
90+5-ci dəqiqədə “Sabah” Tellur Mütəllimovun uzaq məsafədən baxımlı qolu ilə yenidən hesabda önə keçib. Lakin Qurban Qurbanovun komandası son dəqiqələrdə məğlubiyyətdən xilas olmağı bacarıb. Oyunun 90+7-ci dəqiqəsində Yassin Benzia hesabı bərabərləşdirərək matçın yekun hesabını müəyyənləşdirib.
Bu nəticədən sonra “Qarabağ” aktivindəki xallarının sayını 51-ə çatdırıb. 5-ci pillə yer alan “Sabah”ın isə aktivində 28 xalı var.