Noyabrın 22-24-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinini final mərhələsi keçirildi. Yarışdan əvvəl turnir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Gənclər və İdman Nazirliyi və Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) nümayəndələri, Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri, idmançılar Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müstəqil dövlətimizin memarı və qurucusu ulu öndərin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə əklil və gül dəstələri qoydular.
Noyabrın 22-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin açılış mərasimi keçirildi.
Tədbirdə FİLA-nın baş katibi Mişel Dusson, Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, AGF-in I vitse-prezidenti, FİLA-nın İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
Mərasimdə çıxış edən FİLA-nın baş katibi Mişel Dusson, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. "Güləşin Olimpiya oyunlarının proqramında saxlanılması üçün böyük dəstəyinə görə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. İdmanın ədalət, tolerantlıq, qarşılıqlı anlaşma dəyərlərinin təbliğində və gənclərin tərbiyəsində rolu danılmazdır. Yarışın yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə Azərbaycan Güləş Federasiyasına təşəkkürümü bildirirəm. Bu turnir Beynəlxalq Güləş Federasiyasının təqvim planına daxil olan yarışların ən əhəmiyyətlisidir. Bakıda keçirilən güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində 33 ölkədən 400-ə yaxın ən güclü pəhləvan mübarizə aparır. Bu, bir daha Azərbaycanın idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsinin göstəricisidir. Yarışda iştirak edən idmançılara uğurlar arzu edirəm”, - deyə o bildirdi.

Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından və idmançılarımızın qazandıqları nailiyyətlərdən danışdı.
"Ölkəmizdə uğurlu idman siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyətin uzaqgörən siyasəninin əməli nəticəsidir ki, Azərbaycanın ən ucqar bölgələrində Olimpiya komplesləri tikilərək gəncələrin istifadəsinə verilib. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının idmana və idmançılara göstərdiyi diqqət və qayğının nəticəsidir ki, atletlərimiz beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edir, vətənə çoxlu medallarla qayıdırlar. Ölkə idmanı sahəsində atılan uğurlu addımların məntiqi nəticəsi olaraq son illərdə Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycanda hər il 40-a yaxın dünya, Avropa çempionatları və beynəlxalq yarışlar təşkil olunur. Bu da Azərbaycanın idman ölkəsi kimi tanınmasında müstəsna rol oynayır. 2015-ci ildə Avropa Olimpiya Oyunlarının, 2016-cı ildə Şahmat Olimpiadasının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda təşkil olunması ölkə idmnının yüksək inkişafından xəbər verir. Bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, güləş növü bu sırada birinci yeri tutur. İnanıram ki, pəhləvanlarımız bu yarışda uğurla çıxış edəcəklər”, - deyə İsmayıl İsmayılov əlavə etdi.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu bildirdi və keçirilən yarışın əhəmiyyəti barəsində danışdı. "6-cı dəfə keçirilən bu mötəbər yarışın təşkilini Azərbaycana etibar etdiyinə görə, FİLA rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısı nəticəsində respublikamız idman ölkəsinə çevrilib. Ölkəmizin iqtisadi qüdrətinin artması, bütün sahələrdə olduğu kimi, idman sahəsində də öz müsbət təsirini göstərir. İdmançılarımız onlara olan etimadı layiqincə doğruldaraq beynəlxalq yarışlardan vətənə medallarla qayıdırlar. Atletlərimizin ötən il London Olimpiadasında, bu il keçirilən Tələbələrin Yay Universiadası və İslam Həmrəyliyi Oyunlarında qazandıqları medallar bütün bunlara sübutdur. Qazanılan bu uğurlarda güləşçilərimizin böyük payı var. İnanıram ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə VI "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi ədalətli idman mübarizəsi şəraitində keçəcək. Güləşçilərimiz bu yarışda əldə edəcəkləri möhtəşəm qələbələri ilə ulu öndər Heydər Əliyevin xatirəsini uca tutacaqlar”, - deyə o bildirdi.
Tədbirin sonunda Afrika Güləş Konfederasiyasının prezidenti Farid Maskouta Namiq Əliyevə Federasiyanın xatirə kubokunu təqdim etdi. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra yarış açıq elan olundu.
Mərasimdə incəsənət ustaları konsert proqramı ilə çıxış etdikdən sonra idmançılar paradla arenaya gəldilər.
Yarışın proqramına əsasən, turnirin ilk günündə yunan-Roma güləşçiləri döşək üzərinə çıxdılar.
Azərbaycan yunan-Roma güləşçiləri ümumilikdə 10 (5 qızıl, 2 gümüş, 3 bürünc) medala sahib olublar. Komandamızın heyətində Kamran Məmmədov (60 kq), Rəsul Çunayev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq) və Sabahi Sariat (120 kq) qızıl medala layiq görülüblər. Orxan Əhmədov (55 kq) və Vitali Rəhimov (66 kq) turnirin gümüş medallarına yiyələniblər. Komandamıza bürünc medalları isə Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (60 kq) və Şəhriyar Məmmədov (84 kq) qazandırdılar.
Yarışların ikinci günündə qadın güləşçilər mübarizəyə qoşuldular. Komandamız bu növdə 5 çəki dərəcəsində çıxış etdi. Güləşçilərimiz yarışları 1 qızıl və 2 bürünc medalla başa vurdular. Təmsilçilərimizdən yalnız Yuliya Ratkeviç (59 kq) inamlı təsir bağışladı. Bütün rəqiblərindən üstün olan Yuliya qızıl medala sahib çıxdı. Komandamıza bürünc medalları isə Anjela Doroqan (48 kq) və Raqnetta Qurbanzadə (63 kq) qazandırdı.
Turnirin son günündə sərbəst güləşçilər yarışdılar.
Komandamızın heyətində çıxış edən Əhmədnəbi Qvarzatilov (60 kq), Həmzət Osmanov (84 kq) və Xetaq Qazyumov (96 kq) qızıl medala layiq görüldülər. Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Şərif Şərifov (96 kq) və Əli İsayev (120 kq) gümüş medal qazandılar. Ruslan Dibirhacıyev (66 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) isə bürünc medalla kifayətləndilər.
Mübarizəyə 1/4 finaldan başlayan Yaşar Əliyev (55 kq) ilk görüşdə rusiyalı Artem Gebekovdan üstün oldu. Növbəti mərhələdə həmyerlimiz Mircəlal Həsənzadəyə qalib gələn Yaşar finala yüksəldi. Lakin o, bu mərhələdə yaponiyalı Fumitaka Morişitaya məğlub olaraq gümüş medala sahib çıxdı.
60 kq çəki dərəcəsində ölkəmiz üç idmançı ilə təmsil olunurdu. Arenaya toplaşan azarkeşlər bu çəki dərəcəsi üzrə final yarışlarında 2 Azərbaycan güləşçisinin çıxışını izlədilər. Mübarizəyə 1/8 finaldan başlayan Hacı Əliyev ABŞ, Rusiya və Azərbaycan idmançısına qalib gələrək finala yüksəlmişdi. Əhmədnəbi Qvarzatilov isə Rusiya, Türkiyə və Gürcüstan idmançısından üstün olmuşdu. Həlledici mərhələdə Əhmədnəbi Qvarzatilov komanda yoldaşına qalib gələrək çempion tituluna yiyələndi.
66 kq çəki dərəcəsində çıxış edən Ruslan Dibirhacıyev komandamıza bürünc medal qazandırdı. O, həlledici mərhələdə digər idmançımız Məhəmməd Müslümovdan güclü oldu -1:8.
Çəkisi 74 kq olan idmançıların yarışında komandamızı 4 idmançı təmsil edirdi. Onlardan yalnız Cəbrayıl Həsənov və Əşrəf Əliyev turnirin bürünc mükafatına sahib çıxdılar.
84 kq çəkidə komandamız üç idmançı ilə mübarizə aparırdı. Bu idmançılardan yalnız Həmzət Osmanov mükafatçılar sırasına düşməyi bacardı. İlk görüşdə rusiyalı rəqibini məğlub edən təmsilçimiz növbəti mərhələdə ABŞ idmançısından üstün oldu -8:0. Yarımfinalda həmyerlimiz Aleksandr Qostiyevə də qalib gələn Həmzət həlledici mərhələyə vəsiqə qazandı. Finalda rusiyalı güləşçi ilə qarşılaşan pəhləvanımız qızıl medala sahib çıxdı. Digər idmançılarmız Aleksandr Qostiyev və İbrahim Yusubov isə turniri medalsız başa vurdular.
Çəkisi 96 kq olan güləşçilərin yarışında azarkeşləri maraqlı final yarışı gözləyirdi. Belə ki, həlledici mərhələdə London - 2012 Yay Olimpiya Oyunlarının qalibi Şərif Şərifov və Olimpiya oyunlarının bürünc mükafatçısı Xetaq Qazyumov qarşılaşdılar. Mübarizəyə 1/8 finaldan başlayan Xetaq Qazyumov İran, Türkiyə və Ukrayna idmançılarına qalib gələrək finala yüksəlmişdi. Yarışlara 1/4 finaldan başlayan Şərif Şərifov isə Qazaxıstan və Moldova güləşçilərinə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanmışdı. Maraqla qarşılanan iki Azərbaycan pəhləvanının final görüşündə Xetaq Qazyumov təcrübəsi hesabına rəqibindən üstün oldu -7:0.
Məlumat üçün qeyd edək ki, Şərif London Olimpiadasından sonra ilk dəfə idi ki, 96 kq çəki dərəcəsində beynəlxalq yarışa çıxırdı.
Çəkisi 120 kq olan pəhləvanların yarışında Əli İsayev Qazaxıstan və İran təmsilçilərinə qalib gələrək finala yüksəldi. Lakin idmançımız həlledici mərhələdə ukraynalı güləşçi Oleksandr Xotsianivskiyə məğlub olaraq gümüş medalla kifayətləndi. İlk görüşdə məğlub olan
Cəmaləddin Məhəmmədov bürünc medal uğrunda görüşə çıxdı. Bu mərhələdə rəqibindən üstün olan təmsilçimiz komandamıza sonuncu medalı qazandırdı.
Beynəlxalq turnir başa çatdıqdan sonra qalib və mükafatçılara medal, diplom, pul mükafatı ilə yanaşı, xüsusi olaraq "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi üçün hazırlanmış qol saatı və qızıl döş nişanları hədiyyə olundu.
Beləliklə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş VI "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində güləş yığmalarımız ümumilikdə 24 (9 qızıl, 6 gümüş, 9 bürünc) medal qazandılar.
Xatırladaq ki, güləşçilərimiz 2008-ci ildə 22 , 2009-cu ildə 20, 2010-cu ildə 15, 2011-ci ildə isə 26 medala layiq görülmüşdülər. Ötən il isə pəhləvanlarımız anoloji turnirdə 22 medal əldə etmişdilər. "Qızıl Qran-pri” turnirində qazanılan medallarımızın ümumi sayı 129-a ( 42 qızıl, 32 gümüş, 55 bürünc) çatdı.
Yarışlar başa çatdıqdan sonra Azərbacan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov "Olimpiya dünyası” qəzetinə turnirlə bağlı təəssüratlarını bildirdi:
- Yarış çox yüksək səviyyədə təşkil olundu. Pəhləvanlarımız da çox gözəl çıxış etdilər. Düzdür, bəzi istisnalar var idi və bununla bağlı yaxın zamanlarda məşqçilər heyəti tərəfindən lazımi işlər görüləcək. Ümumilikdə idmançılarımızın çıxışından razı qaldım. Yarışda xüsusən yunan-Roma pəhləvanlarının çıxışını uğurlu hesab etmək olar. Onlar bu turnirdə böyük əzmkarlıq göstərərək 10 medal qazandılar. Turnirdə bəzi gənc idmançılar da özlərini yaxşı tərəfdən göstərdilər. Yəqin ki, onlar gələcək yarışlarda əsas komandanın heyətində yer alacaqlar. "Qızıl Qran-pri” turnirinin final mərhələsi bu ilin sonuncu beynəlxalq yarışı idi. İnanıram ki, bu turnir idmançılarımızın formalaşmasında və hazırlıq səviyyəsində mühüm rol oynayacaq. Bildiyiniz kimi, bu turnirdə London - 2012 Yay Olimpiya Oyunlarının qalib və mükafatçıları da iştirak edirdilər. London Olimpiadasında qızıl medala layiq görülən Şərif Şərifov bu turnirdə 84 kq çəki dərəcəsində deyil, 96 kq çəkidə mübarizə apardı. Yəqin ki, gələcək yarışlarda da Şərif bu çəki dərəcəsində çıxış edəcək. İnanıram ki, onun çəki dəyişməsi qıza zaman ərzində məşqlər sayəsində formalaşacaq.
Azər Əlizadə