Beynəlxalq federasiyanın vitse-prezidenti “Heydər” zirvəsinə yürüş edib

Beynəlxalq federasiyanın vitse-prezidenti “Heydər” zirvəsinə yürüş edib



Beynəlxalq Dağçılıq və Dırmanma üzrə Federasiyanın (UİAA) vitse-prezidenti Piter Farkaş 22-26 noyabr tarixlərində Azərbaycanda işgüzar səfərdə olub.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəvəti ilə baş tutan səfər çərçivəsində P.Farkaşla FAİREX-in ofisində görüş keçirilib. Görüş zamanı FAİREX-lə UİAA-nın birgə beynəlxalq fəaliyyəti müzakirə olunub. Eyni zamanda görüşdə, qonaq FAİREX tərəfindən ənənəvi keçirilən dağ festivalının formatının dəyişdirilməsinə müəyyən təkliflər səsləndirib.
Qeyd edək ki, səfər zamanı P.Farkaş Azərbaycanın füsunkar dağları ilə tanış olmaq məqsədilə 23-24 noyabr tarixlərində FAİREX-in prezidenti Hüseyn Bağırovla birgə "Heydər zirvəsi”nə yürüş edib və yürüş uğurla başa çatıb. Yürüş zamanı UİAA-nın vitse-prezidenti dəniz səviyyəsindən 3000 metr yüksəklikdəki baza düşərgəsində olarkən zirvəyə qalxmağa hazırlaşan "Ekosport” idman klubundan Babək İsgəndərov, "Yanardağ” (Bakcell) idman klubundan Mustafa Abbasbəyli, "Salavat” idman klubundan İlqar İsrafilov, "AMEAST” idman klubundan Nurlan Xudazarov, "Extralife” idman klubundan Şəhriyar Əliyev, "Şahdağ” idman klubundan Rusif Bağırov, "Murov” idman klubundan Vasif İsmayıl, Emil Vəliyev və İsmayıl Əsgərovla görüşüb, onlarla söhbət edib və birgə şəkil çəkdirib.
Qonaq Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi”nin (3751) Azərbaycan dağçılığı və yeni başlayan dağçılar üçün nə qədər populyar olduğunu və bu yürüşlərin ənənəvi hal aldığının şahidi olub.

Qeyd edək ki, FAİREX üzvləri ölkəmizin 4000 metrdən yüksəklikdə yerləşən bütün zirvələrinə Azərbaycan bayrağını quraşdırmağı qərara alıblar.