Paytaxtımız daha bir mötəbər yarışa uğurla ev sahibliyi etdi

Paytaxtımız daha bir mötəbər yarışa uğurla ev sahibliyi etdi

Fevralın 23-25-də Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya kuboku keçirilib. 

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamıza ilk medalı tamblinq üzrə yarışın sonuncu günü final mərhələsində mübarizə aparan Avropa və ikiqat dünya çempionu Mixail Malkin qazandırıb. Avropada 2023-cü ilin ən yaxşı gimnastı adını qazanan Malkin hamıdan güclü olduğunu bir daha sübuta yetirərək gimnastikasevərlərə qızıl medal sevincini yaşadıb. Onun ardınca daha bir təcrübəli idmançımız, komanda hesabında dünya çempionatının qalibi Adil Hacızadə komandamızın aktivinə gümüş medal (29.400 xal) yazdırıb.

Tamblinq üzrə komandamızın digər üzvləri 4-cü və 5-ci pillələrdə qərarlaşan Tofiq Əliyev (55.800 xal) və Bilal Qurbanov (52.000 xal) da finala iddialı olsalar da, hər ölkədən yalnız iki idmançının həlledici mərhələdə iştirakına icazə verildiyi üçün onlar növbəti mərhələyə adlaya bilməyiblər.
Komandamızın əsas medal ümidlərindən olan, ölkəmizdə keçirilən son iki Dünya kubokunda gümüş və bürünc medal qazanan Selcan Mahsudova təəssüf ki, çıxışı zamanı səhvə yol verdiyi üçün finala vəsiqə əldə edə bilməyib və yekun nəticədə 24-cü pillədə qərarlaşıb.
Dünya kubokunda debüt edən Hüseyn Abbasov və Nicat Mirzəyevdən ibarət sinxron cütlüyümüz Dünya kubokunu 19-cu pillədə başa vurub.
Yarışda qalib və mükafatçılarla yanaşı, həm kişilər, həm də qadınlar arasında fərdi proqramda batut gimnastikası və tamblinq üzrə ən yüksək icra xalı, eləcə də ilk dəfə olaraq batut gimnastikası üzrə sinxron proqramda ən yüksək sinxron xalı toplayan gimnastlar “AGF Trophy” kuboku ilə təltif ediliblər.
Bununla da 32 ölkədən 300 idmançının iştirakı ilə keçirilən ilk Dünya kuboku uğurla yekunlaşıb.