Avropa Olimpiya Komitəsi hazırda 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının proqramının və bu proqrama daxil ediləcək idman növlərinin siyahısının hazırlanmasını davam etdirir. Azərbaycan idman ictimaiyyəti milli idman növü olan güləşin bu oyunlarda təmsil olunacağını səbirsizliklə gözləyir.Oyunlara hazırlıq prosesinin gedişi ilə bağlı Azərbaycan Güləş Federasiyasının mövqeyi FİLA-nın mövqeyi ilə eynidir.
Beynəlxalq Güləş Federasiyasının (FİLA) sabiq prezidenti Rafael Martinetti hələ 10 dekabr 2012-ci il tarixli məktubunda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkeyə FİLA-nın rəsmi mövqeyini bildirmişdir. Bu mövqe isə ondan ibarətdir ki, FİLA 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının hazırlanmaqda olan proqramında güləşin 3 növ üzrə və hər birinin 7 çəki dərəcəsində təmsil olunmasına razıdır. Azərbaycan Güləş Federasiyası da eyni fikirdədir və güləş oyunların proqramına salınacağı təqdirdə yarışların yüksək səviyyədə təşkili üçün maksimum səy göstərəcək. Federasiya ilk Avropa Oyunlarında güləş yarışlarını yüksək səviyyədə təşkil etmək əzmindədir. Azərbaycanın güləş yığmasının hər bir üzvü birinci Avropa Oyunlarında yüksək yerləri tutmaqla ölkəmizin bayrağını yüksəklərə ucaltmağa və öz qələbələri ilə xalqımızı sevindirməyə çalışacaq.