«NEFTÇİ» İSM-in idman xronikası

«NEFTÇİ» İSM-in idman xronikası



Güləş:
«Sərhədçi» Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə «Qızıl Qran-Pri» beynəlxalq turnirinə yekun vurulub. 33 ölkədən 400-ə yaxın pəhləvanın mübarizə apardığı turnirdə idmançılarımız 9-u qızıl, 6-sı gümüş və 9-u bürünc olmaqla, ümumilikdə 24 medala sahib olublar. Qeyd edək ki, «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin yetirmələrinin də bu uğurda rolu böyük olub. Belə ki, yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (66 kq) turnirin qalibi adını qazanıb. Vitali Rəhimov (66 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (60 kq) isə bürünc medallara layiq görülüblər. Sərbəst güləşçilərdən Yaşar Əliyev (55 kq) 2-ci yerə çıxıb. Əşrəf Əliyev (74 kq) isə turniri 3-cü yerdə başa vurub.
Qalib və mükafatçılara medal, diplom, pul mükafatı ilə yanaşı, məxsusi olaraq «Qızıl Qran-Pri» beynəlxalq turnirinin final mərhələsi üçün hazırlanmış qol saatı və qızıl döş nişanları da hədiyyə olunub.

Cüdo:
Abu-Dabidə keçirilən cüdo üzrə «Qran-Pri» turniri Azərbaycan millisi üçün uğurlu alınmayıb. Yarışa 13 idmançı ilə qatılan yığmamız çempionluq sevinci yaşaya bilməyib. Üç cüdoçumuz mükafatçılar arasında yer alıb ki, onlardan da ikisi «Neftçi» İSM-in təmsilçiləridir. İdmançılarımızdan Nicat Şıxəlizadə (66 kq) gümüş, Orxan Səfərov (60 kq) isə bürünc medala sahib çıxıb.



Atıcılıq:
Gürcüstanın paytaxtı Tbilisidə güllə atıcıları arasında Şota Kveliaşvili kuboku turniri keçirilib. Yarışda Malayziya, Ukrayna, Azərbaycan və Gürcüstandan 60 idmançı bacarığını nümayiş etdirib.
Turnirdə 10 idmançı ilə təmsil olunan «Neftçi» İSM komandası 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib. Kişilərin yarışında Ruslan Lunyov 574 xalla (PTÇ-3) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəsul Məmmədov isə eyni növdə 571 xal toplayaraq 2-ci olub. Zəriflərin yarışında titullu atıcımız İradə Aşumova (PTÇ-2; 375 xal) gümüş, Nigar Bağırova (PTÇ-2; 371 xal) isə bürünc medala yiyələnib.

Voleybol:
Gənclər və İdman Nazirliyi, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən kişilər arasında voleybol üzrə respublika çempionatının final mərhələsində «Neftçi» İSM komandası çıxışını uğurla davam etdirib. 8 komandanın iştirak etdiyi çempionat 2 qrup üzrə ke­çirilib. Hər qrupdan ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanmalı idi. Komandamız qrup lideri olaraq bu mərhələyə adlayıb. Ardıcıl qələbələri sıralayan «Neftçi» İSM finala vəsiqə qazanıb və həlledici mərhələdə «Şəki» komandasını 3:1 hesabıyla məğlub edərək ölkə çempionluğunu qazanıb.

Ağırlıqqaldırma:
Mərkəzi Ordu İdman Klubunun idman zalında Milli Qəhrəman Fəxrəd­din Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə açıq Bakı turniri ba­şa çatıb. 7 komanda tərkibində 50-yə yaxın atletin yer aldığı yarışda mərkə­zin yetirmələri də qüvvələrini sınayıblar. Onlardan Xosrov Əhmədov (+105 kq) birdənqaldırmada 135, təkanla qaldırmada isə 180 kq-ın öhdəsindən gəlib və 2-ci yeri tutub. Digər ağırlıqqaldıranımız Sabit Bayramov (69 kq) isə ümu­mi­likdə 191 kq ağırlığı (80+111) başı üzərinə qaldırmaqla 3-cü pillədə qərar tutub.

Şahmat:
Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzində dərəcə turniri keçiri­lib. Yarışda IV dərəcə uğrunda 26 idmançı mübarizə aparıb ki, onlardan da 15-i «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin təmsilçiləri olub. Şahmat­çıla­rı­mız­dan 10 nəfər bu dərəcəyə sahib olub. 20 idmançının qatıldığı III dərəcə uğrun­da sınaqda mərkəzin 6 idmançısından 4-ü istəyinə çatıb. Nəhayət, II dərəcə uğ­run­da yarışan 13 nəfərdən 5-i «Neftçi» İSM-in yetirmələri olub ki, bunlardan da 2 şahmatçı istədikləri dərəcəyə qovuşmağa müvəffəq olublar. Bundan əlavə, ke­çirilən yarışda 3 idmançımız dərəcə almaqla bərabər, həm də gümüş medal­lara layiq görülüblər: Elçin Zamanov, Fidan Novruzova və Əsgər Zərgərov.
Birinci dərəcə turniri Yasamal Şahmat Məktəbində baş tutub. Burada da 5 yetirməmiz özünü sınayıb. İdman ustalığına namizədlik turnirində isə 2 şahmatçımız iştirak edib. Bu yarışda Kamran Əliyev normativi toplayaraq (9 oyundan 7 xal) liderliyə yüksəlib.

ARDNŞ Sİİ
«Neftçi» İSM-in mətbuat xidməti