Son illər Fransada, Almaniyada, Böyük Britaniyada, Çində, İranda və sonuncusu Rusiyada törədilən terror aktları bəşəriyyətin hansı təhlükə ilə üz-üzə qaldığını bir daha göstərdi.
"Olimpnews.az" xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O qeyd edib ki, milliyətindən, dinindən, irqindən asılı olmayaraq terror törədənlər bütün insanlığın düşmənidirlər:
“Müharibələrdə hər iki tərəfin əlində silah olur və onlar aralarındakı problemi həll etməyin yolunu döyüşməkdə görürlər. Dinc, heç bir günahı olmayan insanların öldürülməsi isə vəhşilikdir, barbarlıq və vandalizmdir. Bu qətliamı törədənlər qanunun ən sərt maddələri ilə cəzalandırılmalıdırlar”.
Deputatın fikrincə, Rusiyanın Moskva vilayətinin “Crocus City Hall” konsert zalında törədilən terror bütün ölkələrə ciddi xəbərdarlıqdır. O vurğulayıb ki, hər bir ölkə özünün və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur. Bunun üçün müxtəlif yollar seçilir, üsullar tətbiq edilir:
“Azərbaycan 44 günlük müharibədən sonra öz ərazi bütövlüyünü tam olaraq təmin edib. Ötən il antiterror tədbirlərinin keçirilməsində məqsəd də ərazilərimizdə 30 il ərzində kök salmış erməni terrorçularının kökünü birdəfəlik kəsmək idi. Azərbaycan bunu bacardı, Ermənistan ordusunun qalıqlarını və separatçıların sonuncusunu ölkə ərazisindən qovub çıxara bildi. Nə qədər ki, separatçılar Qarabağda mövcud idilər, həm dövlətimiz, həm də vətəndaşlarımız daim terror təhlükəsi altında qalırdılar. Dövlətimiz sonuncu erməni terrorçusu zərərsizləşdirilənə qədər mübarizə apardı. Dünyanın güclü dövlətlərinin separatçıları dəstəkləməsinə rəğmən Azərbaycan beynəlxalq qanunlara istinad edərək, həm suverenliyini bərpa etdi, həm də Cənubi Qafqazı terrorla təhdid edən erməni terrorizminin son qalasını onların başına uçurdu. Prezident İlham Əliyevin təbirincə desək, biz separatçıların tabutuna son mismarı vurduq”.