Arnold Şvartsenegger ilk dəfə Bakıya səfər edəcək

Arnold Şvartsenegger ilk dəfə Bakıya səfər edəcək


Zəmanəmizin ən tanınmış adamlarından biri Arnold Şvartsenegger "Hər şey yadımdadır” mövzusunda ustad dərsi keçmək üçün 2014-cü ilin fevralında ilk dəfə Bakıya səfər edəcək. Arnold Şvartseneggerin Bakıya səfəri "Successful Strategies” şirkətinin dəvəti ilə baş tutacaq.
Qeyd edək ki, Arnold Şvartseneggerin qeyri-adi həyat hekayəsi var. O, 1947-ci il iyulun 30-da Avstriyada kiçik bir şəhərcikdə polis ailəsində dünyaya göz açıb. Uşaqlıq illəri aclıq və səfalət içində keçib. Həmişə məşhur və varlı olmağı arzu edən Şvartsenegger əvvəl futbolla, sonra bodibildinqlə məşğul olmağa başlayıb. O, 21 yaşında artıq Los-Ancelesdə yaşayır və "Kainatın kişisi” adını daşıyır. Beş il ərzində ingilis dilini mükəmməl öyrənən Arnold dünyanın ən möhtəşəm bodibildinqçisi adını qazanır. Sonra universitet təhsili alan Arnold 10 il ərzində həm biznesmen, həm də idmançı kimi milyonların sahibi olur. 20 il keçəndən sonra ən məşhur kino ulduzuna çevrilən Şvartsenegger Kennedi ailəsi ilə qohum olur. Amerikaya gəlişindən 36 il sonra o, 2003-cü ildə dünyanın 8-ci iqtisadi mərkəzi olan Kaliforniya ştatının qubernatoru seçilib. 2011-ci ildə öz xahişi ilə istefaya gedib.
Arnold Şvartsenegger "Konan-varvar” (1982), "Terminator” (1984), "Komando” (1985), "Yırtıcı” (1987), "Qaçan insan” (1987), "Qırmızı isti” (1988), "Terminator 2” (1991), "Dünyanın sonu” (1999), "Terminator 3”, "Qəhramanın qayıtması” (2013) və s. filmlərdə baş rolların ifaçısıdır.