Paralimpiya idman festivalı keçirilib

Paralimpiya idman festivalı keçirilib

Milli Paralimpiya Komitəsi (MPK) rəsmi tərəfdaşı olan BP şirkəti ilə birgə Kürdəmir Olimpiya İdman Kompleksində paralimpiya idman festivalı keçirib. Tədbirin əsas məqsədi əlillərin idmana cəlb olunması və uşaqları, gəncləri Paralimpiya Hərəkatının fəal üzvlərinə çevirmək olub. İdman və musiqi proqramından ibarət olan festivalda Kürdəmir şəhərində yaşayan uşaq və gənclər iştirak ediblər. Festivalda paralimpiya çempionu Oluxan Musayev və digər gənc paralimpiyaçılar iştirak ediblər.
MPK-ın vitse-prezidenti Şaiq Həmidov çıxış edərək, iştirakçılara Paralimpiya Hərəkatının tarixi və London -2012 Oyunlarından başlayan MPK-BP rəsmi tərəfdaşlığından danışıb. O, festivalın 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr edildiyini qeyd edib, uşaq və gəncləri idmanla məşğul olmağa çağırıb.Ş.Həmidov tədbirin təşkilində göstərdikləri köməyə görə BP şirkətinə, Kürdəmir Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Gənclər və İdman İdarəsinə, həmçinin Kürdəmir Olimpiya İdman Kompleksinin rəhbərliyinə komitə adından təşəkkürünü bildirib. Sonra rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri çıxış edərək rayonda əhalinin idmana, bədən tərbiyyəsinə cəlb olunmaları üçün yaradılmış şəraitdən danışıblar.
Çıxışlardan sonra gənc idmançılar müxtəlif idman növləri üzrə bacarıqlarını nümayiş etdiriblər. Təbdirdə yerli incəsənət ustaları musiqi nömrələri ilə çıxış ediblər.
Tədbirin sonunda MPK adından yerli hökumət qurumlarına, Kürdəmir Olimpiya İdman Kompleksinin rəhbərliyinə fəxri diplom və hədiyyələr təqdim edilib.