“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirildi

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirildi


Sumqayıt şəhərində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Sumqayıt şəhərində yerləşən Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsində konfrans öz işinə başlayıb. Əvvəlcə tədbir iştirakçıları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsində çağırışçıların çağırış, tibbi komissiyadan keçməsi və qeydiyyata alınması üçün yaradılmış şəraitlə tanış olublar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov çağırış prosesi və həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi və qeydiyyatı, eləcə də həqiqi hərbi xidmətini başa vurmuş şəxslərin qeydiyyatı barədə tədbir iştirakçılarına geniş məlumat verib. Şəhər İdarəsində yaradılmış şəraitlə tanışlıqdan sonra konfrans açıq elan olunub. Konfransda çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov tədbir iştirakçılarını salamlayaraq rəhbərlik etdiyi xidmətin media ilə əməkdaşlığının vacibliyini önə çəkib. O, bu əməkdaşlığın inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: "Bildiyiniz kimi, cari ilin noyabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev media rəhbərləri ilə görüş keçirib. Həmin görüş bugünkü tədbirin də aktuallığını meydana qoydu. Cənab Prezident bir çox vacib məqamlarla yanaşı, belə bir incə nüansa da toxundu ki, müasir dünyada azad medianın inkişaf səviyyəsi həm də dövlətin tərəqqi səviyyəsini göstərir. Məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində media, fəaliyyətində bir sıra problemlərlə üzləşmişdi. Yalnız ümumilli lider Heydər Əliyevin bu sahədə atdığı addımlar, xüsusən də 1998-ci ildə senzuranın ləğvi medianın sürətli inkişafını təmin etdi. Ümummilli liderin bu siyasəti hazırda cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir. Cənab Prezidentin müvafiq göstərişi ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mediaya açıq qurumdur. Biz çalışırıq ki, media ilə işimizi lazımi səviyyədə quraq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xalqla ordu arasında körpü rolunu oynayır”. A.Rəhimov mediada vətənpərvərlik ruhunda daha çox material və verilişlərin hazırlanmasının vacib olduğunu da vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə media nümayəndələrinin ilk dəfə bu formatda görüşü keçirilir: "Ümid edirik ki, belə görüşlər davamlı olacaq. Təqdirəlayiq haldır ki, Azərbaycan mediasının inkişafı dövlətin diqqət mərkəzindədir. Bu gün kütləvi informasiya vasitələrinə geniş qayğı göstərilir. Bu istiqamətdə müvafiq addımlar atılır, zəruri işlər görülür”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətini yüksək qiymətləndirən Vüqar Səfərli ölkə mediasının fəaliyyəti və mövcud durumundan geniş şəkildə bəhs edib. V. Səfərli görüşdə iştirak edən media rəhbərlərini tədbir iştirakçılarına təqdim edib: "Görüşə Azərbaycanda ictimai rəyin formalaşmasına təsir edən media qurumları qatılıblar. O da sirr deyil ki, bəzi "media qurumları” hələ də insanları şantaj etməklə öz məqsədlərinə çatmağa çalışırlar. Onlara qarşı məqsədyönlü fəaliyyət göstərilir”. Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da azad medianın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucov təmsil etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib. Daha sonra tədbir disskusiya şəklində davam etdirilib.