Spartakiadanın güclüləri müəyyənləşdi

Spartakiadanın güclüləri müəyyənləşdi


Ölkəmizdə idmanın inkişafında idman cəmiyyətlərinin rolu danılmazdır. Azərbaycan idmanının yüksəlişində məhz bu qurumların da payı az deyil. İdman cəmiyytlərində ilk addımlarını atan idmançılar sonradan böyük uğurlar qazanırlar.
Ölkəmizdə öz fəaliyyəti ilə özünəməxsus nüfuz qazanan idman təşkilatlarından biri də "Zenit” idman cəmiyyətidir. Adı çəkilən cəmiyyət fəaliyyətə başladığı gündən bəri bir sıra idmançıların yetişməsində müstəsna xidmətlər göstərib. Həmin idmançılar "Zenit” İC-nin təşkil etdiyi yarışlarda fərqlənərək, böyük arenalara çıxıblar.
Bundan başqa bu idman ocağı bir sıra yarış və kütləvi idman tədbirlərinin təşkilində də fəallıq nümayiş etdirir.
Hər il keçirilən bu idman yarışları arasında spartakiadaları da diqqətdən qaçırmaq olmaz.
Ənənəvi xarakter daşıyan spartakiada yarışlarında ölkəmizdə fəaliyyət göstərən ayrı-ayrı təşkilatların təmsilçiləri iştirak edirlər.

Xəbər verdiyimiz kimi, "Zenit” idman cəmiyyəti bu il növbəti spartakiada yarışlarını təşkil edib. Bu idman tədbiri oktyabr ayında başlayıb, bir neçə gün əvvəl sona çatıb. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinə həsr olunmuş XVI Spartakiadada 10 növ üzrə 288 iştirakçı mübarizə aparıb. Respublika Həmkarlar komitələrinə daxil olan Aviasiya, Avtomobil nəqliyyatı və yol təsərrüfatı, elektroenergetika və elektrotexnika sənayesi, Müdafiə sənayesi, "Baku Steel Company”, Metropoliten işçiləri müxtəlif idman növləri üzrə yarışlarda çıxış ediblər.
Qeyd edək ki, XVI Spartakiadanın final mərhələsində mübarizə aparan 54 komanda arasında 14 qadın iştirakçı öz bacarığını nümayiş etdirib. Yarışların yekunlarına əsasən yarışda Avtomobil nəqliyyatı və yol təsərrüfatının komandası birinci yeri tutub. Aviasiya işçiləri ikinci, Müdafiə sənayesi işçiləri isə üçüncü yerlə kifayətləniblər. Spartakiadanın proqramına daxil olan ayrı-ayrı idman növləri üzrə komanda yarışlarında qaliblər müəyyənləşib. Belə ki, mini futbol üzrə yarışlarda Metropoliten, Aviasiya və Avtomobil nəqliyyatı və yol təsərrüfatının komandaları, müvafiq olaraq, ilk üç yerə layiq görülüblər. Voleybol yarışlarında isə Avtomobil nəqliyyatı və yol təsərrüfatının komandası birinci yerə layiq görülüb. Metropoliten və Müdafiə sənayesi komandaları isə sonrakı yerləri tutublar. Müdafiə sənayesi işçiləri kəndirdartma yarışlarında daha güclü olublar. Aviasiya və "Baku Steel Company” idmançıları isə ilk üçlükdə qərarlaşıblar. Avtomobilçilər daşqaldırma yarışlarında daha fəal olublar. Aviasiya işçiləri və Müdafiə sənayesi işçiləri mükafatçılar sırasında yer alıblar. Spartakiada yarışlarında armrestlinqçilər (qol güləşi) də öz qüvvələrini sınayblar. Bu növ üzrə komanda yarışlarının yekunlarına əsasən Avtomobil nəqliyyatı və yol təsərrüfatının idmançıları birinci yeri tutublar. Aviasiya ikinci, Müdafiə sənayesi işçiləri üçüncü olublar. Stolüstü tennis yarışlarında "Baku Steel Company”, gülləatıcılığında Metropoliten, dama yarışlarında Avtomobil nəqliyyatı və yol təsərrüfatı işçiləri birinci yeri tutublar. Aviasiya şahmatçıları da spartakiadanın qalibi olublar. Nərd yarışlarında isə müdafiə sənayesi işçiləri bütün rəqiblərinə qalib gəliblər.