Avropa Gimnastika İttifaqının (UEG) 25-ci seçmə konqresinin başa çatdığı Sloveniyanın Portoroj kurort şəhərindən xoş xəbər alınmışdır.
Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinin verdiyi məlumata görə, forumda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, AGF-in baş katibi Fərid Qayıbov UEG-nin vitse-prezidenti seçilmişdir.
İlk dəfə olaraq Azərbaycanın nümayəndəsi Avropa gimnastikasına rəhbərlik edəcək heyətin tərkibinə daxil olmuşdur. Onun namizədliyinə 23 ölkənin nümayəndələri səs vermişlər ki, bu da əksəriyyəti təşkil edir.
Gələn ildən başlayaraq sonrakı 4 il ərzində Fərid Qayıbov təkrar seçilmiş iki digər - isveçli və isveçrəli vitse-prezidentlərlə yanaşı idarə heyətinin müxtəlif iclaslarında, Avropa çempionatlarında iştirak edəcəkdir.
İkinci müddətə yenidən seçilmiş UEG-nin prezidenti fransız Jorj Gelzek bütün rəhbər heyəti təbrik etmiş və gələcək işin əsas prioritetlərini müəyyənləşdirmişdir.
Qeyd edək ki, Fərid Qayıbov gimnastikanın Azərbaycanda idmanın aparıcı növlərindən birinə çevrilməsini təmin etmək məqsədilə onun inkişafında və tərəqqisində 10 illik fəal təcrübəyə malikdir. Onun həmçinin bədii gimnastika üzrə irimiqyaslı beynəlxalq yarışların, habelə gimnastikanın müxtəlif növləri üzrə milli çempionatların idarə olunmasında və əlaqələndirilməsində böyük təcrübəsi vardır. Apardığı iş iki dəfə onun Beynəlxalq Gimnastika Federasiyası Şurasının üzvü seçilməsinə səbəb olmuşdur.