Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında final və üçüncü yer oyunlarının tarixləri müəyyənləşib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Yüksək Liqada bürünc mükafat uğrunda qarşılaşmalar aprelin 20-də, finallar isə 22-si və 23-də keçiriləcək.
Aprelin 20-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq kişi voleybolçular üçüncülük uğrunda meydana çıxacaqlar. Saat 15:00-da start götürəcək matçda MOİK və “Neftçi” üz-üzə gələcək.
Daha sonra qadın voleybolçular üçüncü yerin sahibini müəyyənləşdirəcəklər. Saat 18:00-da “Gəncə” və “Murov Az Terminal” komandaları münasibətləri aydınlaşdıracaqlar.
Aprelin 22-də Bakı İdman Sarayında final matçına start veriləcək. Həmin gün kişi voleybolçuların mübarizəsində çempion adına aydınlıq gələcək. Saat 16:00-da başlayacaq oyunda “Azərreyl” və “Murov Az Terminal” kollektivləri üz-üzə gələcək.
Aprelin 23-də saat 16:00-da isə qadın voleybolçuların final matçı təşkil olunacaq. “Azərreyl” və “Abşeron” komandaları çempionu müəyyən edəcəklər.
Qeyd edək ki, final oyunundan dərhal sonra qaliblərin (qadınlar, kişilər) mükafatlandırma və çempionatın bağlanış mərasimi keçiriləcək.