Futbol üzrə İspaniya La Liqasının 32-ci turunda “Real” klubu “Barselona”nı qəbul edib. “Santyaqo Bernabeu” stadionunda keçirilən “El Klasiko” “Kral klubu”nun qələbəsi ilə başa çatıb. Karlo Ancelottinin komandası gərgin mübarizə şəraitində keçən oyunda 3:2 hesabı ilə qələbə qazanıb. Oyunda hesabı 6-cı dəqiqədə Andreas Kristensen açsa da, 12 dəqiqə sonra Vinisus penaltidən hesabı bərabərləşdirib -1:1.
Xavi Hernandesin komandası növbəti dəfə matçın 69-cu dəqiqəsində Fermin Lopezlə hesabda irəli çıxıb. Lakin kataloniyalılar bu dəfə də üstünlüyünü qoruya bilməyiblər. Qoldan 4 dəqiqə sonra Lukas Vaskez tarazlığı bərpa edib. Oyunun sonlarında “Real” klubu qələbə qolunu vurmağa da müvəffəq olub. Oyunun 90+1-ci dəqiqəsində Cud Belingem matçda yekun hesabı müəyyənləşdirib -3:2.
Beləliklə, Madrid “Real”ı qələbə sayəsində xallarının sayını 81-ə çatdıraraq çempionluq yolunda həlledici addım atdı. Liderdən 11 xal geri qalan katalonlar isə ikinci pillədə qərarlaşırlar.