Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında qızlar, sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə oğlanlar arasında "Gələcəyin olimpiyaçıları” adlı açıq respublika turniri keçirilib.Yarışın təşkil olunmasında əsas məqsəd Azərbaycanda güləş idman növünün inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkar etmək və yarışın nəticələrinə əsasən perspektivli idmançıların yığma komandaya cəlb edilməsindən ibarət olub.
Turnirin ilk günü qızların yarışında 42, sərbəst güləşçilərin mübarizəsində isə 120 idmançı mükafatlar uğrunda qüvvəsini sınayıb.
Qızların yarışında Zemfira Ələkbərli (38 kq), Aynur Camalova (40 kq), Ülkər Babayeva (43 kq), Türkan Nəsirova (46 kq), Şəbnəm Əhmədova (49 kq), Tatyana Varansova (52 kq), Ləman Qurbanova (56 kq), Firuzə İbrahimova (60 kq), Rəhilə Quluzadə (65 kq) və Anita Kələntərova (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Sərbəst güləşçilərin mübarizəsində isə Tofiq Əliyev (32 kq), Əsgər Məmmədəliyev (35 kq), Əşrəf Aşurov (38 kq), Murad Məmmədov (42 kq), İlkin Məmmədov (47 kq), Canbulat Umarkayev (53 kq, Dağıstan), Miryamin Seyidov (59 kq), Əzəmət Cəlilov (66 kq, Dağıstan) və Abdulmuslim Mamedov (70 kq) qızıl medala sayib çıxıblar.
Yarışın son günü yunan-Roma güləşçiləri döşək üzərinə çıxıblar. 98 idmançının mübarizəsində Araz Şükürzadə (32 kq), Mirsirac Həsənli (35 kq), Şükür Əhmədov (38 kq), Elvin Babayev (42 kq), Cavidan Cavadov (47 kq), Sənan Abdullazadə (53 kq), Samir Bayramov (59 kq), Heydər Fərmanov (66 kq) və Bəhruz Həziyev (73 kq) birinci yerə layiq görülüblər.