Bakıda güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakıda güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

Dekabrın 21-23-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçiriləcək yarışda 18 yaşı tamam olmuş və ondan yuxarı yaşa malik idmançılar iştirak edəcəklər.
Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaqlar. Güləşçilər 55, 60, 66, 74, 84, 96 və 120 kiloqram çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Beynəlxalq Güləş Federasiyası tərəfindən çəki dərəcələrində gözlənilən dəyişikliyi nəzərə alaraq, çempionatda yarışan idmançılara 2 kiloqram artıq çəkidə güləşməyə icazə veriləcək.
Proqrama əsasən, dekabrın 21-də yunan-Roma güləşi üzrə 55, 60, 66 və 74 kiloqram, bir gün sonra yunan-Roma güləşi üzrə 84, 96 və 120 kiloqram, sərbəst güləş üzrə 55 və 60 kiloqram, dekabrın 23-də isə sərbəst güləş üzrə 66, 74, 84, 96 və 120 kiloqram çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.
Çəki dərəcələri üzrə ilk üç yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.