Azərbaycan Ədalətli Oyunlar Komissiyası ilin yaxşılarını mükafatlandırdı

Azərbaycan Ədalətli Oyunlar Komissiyası ilin yaxşılarını mükafatlandırdı


Dekabrın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında 2013-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Ağacan Abiyev, Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti Ərdoğan Arpinar, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, idmançılarımızın Olimpiya oyunlarında qazandıqları uğurlardan danışdı.
Ölkəmizdə Olimpiya hərəkatının geniş vüsət aldığını və idman infrastrukturunun gündən-günə möhkəmləndirildiyini diqqətə çatdıran Ç.Hüseynzadə bütün bu nailiyyətlərin əsasında Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana böyük diqqət və qayğısının dayandığını vurğuladı. MOK-un vitse-prezidenti 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsini Azərbaycan xalqının böyük qələbəsi adlandırdı.

Sonra vitse-prezident bildirdi ki, XX əsrin sonlarından başlayaraq inkişaf etməyə başlayan Fair Play - Ədalətli Oyunlar Hərəkatı (ƏOH) harda danıışdı: "Hazırda dünyada təşkil olunan idman yarışlarını ədalətli oyunlar prinsipindən kənarda təsəvvür etmək mümkün deyildir. Ölkəmizdə MOK-un tərkibində fəaliyyət göstərən Ədalətli Oyunlar Komissiyası artıq beynəlxalq miqyasda kifayət qədər tanınmış və özünü aparıcı bir hərəkat kimi göstərmişdir”.
Daha sonra çıxış edən MOK-un vitse-prezidenti və Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti Erdoğan Arıpınar, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək ədalətli oyunlar prinsiplərinə əməl edən Azərbaycan idmançılarının ƏOH-nin layiqli üzvü olduqlarını bildirdilər.
Tədbirin sonunda ölkəmizdə son bir ildə Ədalətli Oyunlar Hərəkatının təbliğində fəallıq nümayiş etdirən şəxslər müxtəlif nominasiyalar üzrə mükafatlandırıldılar.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimova, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılova, Azərbaycan Taekvondo Federasiyasının (ATF) hakimi Elşad Məmmədova, "Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanova, milli boks yığmasının üzvü Məhəmmədrəsul Məcidova MOK-un Ədalətli Oyunlar Komissiyasının mükafatları təqdim olundu.