Dekabrın 21-23 "Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatda milli komandamızın aparıcı üzvləri də mübarizə aparacaqlar. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, klublar, təşkilatlar, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar güclərini sınaycaqlar.Güləşçilər 55, 60, 66, 74, 84, 96 və 120 kq-a qədər çəki dərəcələrində yarışacaqlar. Məlumat üçün qeyd edək ki, Beynəlxalq Güləş Federasiyası tərəfindən çəki dərəcələrində edilən dəyişikliyi nəzərə alaraq, çempionatda yarışan idmançılara 2 kq artıq çəkidə güləşməyə icazə veriləcək. Yarışların proqramına əsasən, dekabrın 21-də yunan-Roma güləşçiləri döşək üzərinə çıxacaqlar. Növbəti gün isə, yunan-Roma güləşçiləri ilə yanaşı, sərbəst güləşçilər də mübarizəyə qoşulacaqlar. Dekabrın 23-də sərbəst güləş yarışlarının növbəti finalçılarının adları məlum olacaq.
İlk 3 yeri tutan idmançılar Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən müvafiq diplom, medal və pul mükafatları ilə təltif olunacaqlar. Qalib güləşçilər həmçinin yığma komandanın heyətinə cəlb ediləcəklər.
İlkin və təsəlliverici görüşlər hər gün saat 10.00-da başlayacaq. Yarışların təntənəli açılış mərasimi dekabrın 21-i saat 17.00-da keçiriləcək.
Məlumat üçün qeyd edək ki, çempionatın keçirildiyi günlərdə klub və cəmiyyətlərdə fəaliyyət göstərən məşqçi-müəllimlər üçün ümumrespublika seminarı da təşkil olunacaq. Seminarlar yığma komandanın baş məşqçi - müəllimi və Azərbaycan Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyası tərəfindən aparılacaq.
Seminarın keçirilməsində əsas məqsəd FİLA tərəfindən güləş qaydalarında və çəki dərəcələrində edilən dəyişikliklər barədə yerli məşqçi və mütəxəssisləri məlumatlandırmaq, videogörüntülər vasitəsi ilə qaydaları izah etmək, nəzəri və praktiki biliklər paylaşmaqdan ibarətdir.