Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıb.
Milli Gimnastika Arenasında keçirilən yarışda çoxnövçülük proqramında ilk 3 yeri tutan qrup hərəkətləri üzrə komandalara medal və hədiyyələrlə yanaşı, pul mükafatı da təqdim olunub.
Bu növdə İsrail yığması birinci, İtaliya millisi ikinci pillədə qərarlaşıb. Azərbaycanı təmsil edən Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv isə bürünc medalın sahibi olub.
Birinci yerin sahibinə 5000, ikinci yeri tutana 3500, üçüncü pillədə qərarlaşan komandaya isə 2500 avro verilib.
Qaliblərə mükafatları Avropa Gimnastikasının Texniki Komitəsinin prezidenti Evangeliya Trikomiti, Avropa Gimnastikasının Texniki Komitəsinin vitse-prezidenti Yelena Aliprandi və eyni qurumun üzvü Yevgeniya Vilyayeva təqdim ediblər.
Qeyd edək ki, Avropa Kubokunun ümumi mükafat məbləği 40 min avrodur. Mayın 5-dək davam edəcək yarışlarda 37 ölkədən ümumilikdə 160 gimnast mübarizə aparır.
Avropa Kubokunun ilk qalibləri mükafatlandırıldı