İdmanın tarixinə həsr olunmuş yeni kitab

İdmanın tarixinə həsr olunmuş yeni kitab

Azərbaycan idmanının 20 illik dövrünü əks etdirən "Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı istiqamətləri (1970-1990)” adlı yeni monoqrafiya işıq üzü görüb. Monoqrafiyanın müəllifləri pedaqogika üzrə fəlsəfə doktoru, professor Dilqəm Quliyev və professor əvəzi Telman Əsədovdur. 704 səhifədən və III fəsildən ibarət olan monoqrafiyada 1970-ci ildən 1990-cı ilədək Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı sənədli materiallar öz əksini tapıb. Monoqrafiyanın fəsillərində ayrı-ayrı dövrlərdə idman sahəsində həyata keçirilən tədbirlər, xalqımızın ümummilli lideri Heydər Əliyevin bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğı işıqlandırılıb. Qeyd edək ki, bu monoqrafiya bədən tərbiyəsi və idman tariximizin 20 illik bir dövrünü geniş əhatə edən ilk nəşrdir. Monoqrafiyanın bir fəsli (səh 4-263) 1970-1975-ci illərdə ölkə idmanında əldə olunan nəticələrdən, yaradılan idman qurğularından bəhs edir. Qeyd olunur ki, bu illər ərzində respublikamızda 6370 bədən tərbiyəsi kollektivi, 762196 bədən tərbiyəçisi, 1638 idman ustası, 34 stadion, 10 üzgüçülük hovuzu, 500 idman gimnastika salonu və digər idman qurğuları fəaliyyət göstərib.
Monoqrafiyanın 264-390-cı səhifələrini əhatə edən II fəslində 1976-1982-ci illərdə ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişaf istiqamətlərindən bəhs olunur. Bu fəsildə Azərbaycan idmançılarının əldə etdikləri nailiyyətlər araşdırılıb və təhlillər aparılıb. "1983-1990-cı illərdə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı istiqamətləri” başlıqlı III fəsil də oxucularda maraq doğuracaq. Burada respublikamızda keçirilən yarışlar, təmsilçilərimizin beynəlxalq yarışlarda iştirakı barədə ətraflı məlumat verilib. Maraqlı və geniş məlumatların yer aldığı yeni monoqrafiya Gənclər və İdman Nazirliyinin əməkdaşları, Azərbaycan Bədən tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti, tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.