İcraiyyə Komitəsinin iclası keçirilib

İcraiyyə Komitəsinin iclası keçirilib



Berti Foqts daha 2 il millidə

AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Yığıncaqda 4 qərar qəbul olunub. Belə ki, komitə üzvləri Azərbaycan yığmasının baş məşqçisi məsələsindən əlavə, daha 3 mövzuda müzakirələr apararaq müvafiq addım atılmasını lazım biliblər.
Şübhəsiz ki, toplantının gündəliyində duran əsas məqam Azərbaycan millisinin baş məşqçisi məsələsinin müzakirəsi olub. Nəticədə, Berti Foqtsla yeni 2 illik müqavilə imzalanmasına qərar verilib. Komitə üzvləri onun köməkçilərini də təsdiqləyib. Millinin keçmiş üzvləri Mahmud Qurbanov və Aslan Kərimov Berti Foqtsun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.
Yeni anlaşmada almaniyalı mütəxəssisin Azərbaycanda daha çox vaxt keçirməsini təmin edən şərt də var. Belə ki, müqaviləyə əsasən almaniyalı mütəxəssis ayın, ən azı, 21 gününü ölkəmizdə keçirməlidir. Bundan başqa, UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunmasına da baxılıb. Komitə üzvləri AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təklifləri müzakirə edib, həmçinin digər məsələlərə də nəzər yetirilib. Aparılmış müzakirələrdən sonra yekdilliklə aşağıdakı qərarlar qəbul edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müqaviləsi 2015-ci il dekabrın 31-dək uzadılsın.

2. UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olması lisenziyalaşdırma prosesində A dərəcəli meyar (mütləq) kimi qəbul olunsun.

3. Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunsun və onun məvacibi AFFA-nın hesabına ödənilsin. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.

4. İcraiyyə Komitəsinin 14 avqust 2013-cü il tarixli iclasında klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qəbul edilmiş qərarın icrasının müddəti 2 ay uzadılsın. Göstərilən müddətə qədər qərarı müvafiq qaydada icra etməyən klublara İntizam Komitəsi tərəfindən ciddi sanksiyalar tətbiq olunacaq.