Futbol üzrə UEFA Avropa Liqasında finalçıların adlarına aydınlıq gəlib. Qitənin ikinci nüfuzlu klub turnirinin həlledici qarşılaşmasında Almaniyanın "Bayer" və İtaliyanın "Atalanta" klubları üz-üzə gələcək.
Ötən həftə səfərdə "Roma"ı iki cavabsız qolla məğlub edən bundestim təmsilçisi bu dəfə doğma meydanda sülhə razılaşıb. "Bay Arena"dakı oyuna fəal başlayan "canavarlar" 2:0 hesablı üstünlük əldə etsələr də Xabi Alonsonun komandası oyunun sonlarında "Roma"nın ümid çırağını söndürüb -2:2.
Beləliklə, iki oyunun nəticəsinə görə 4:2 hesablı qələbə qazanan Leverkuzen təmsilçisi finala vəsiqə əldə edib.
Digər yarımfinal oyununda isə "Atalanta" İtaliyada Fransanın "Marsel" komandasını qəbul edib. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Birinci qarşılaşmada 1:1 hesabı qeydə alındığı üçün Berqamo təmsilçisi adını finala yazdırıb.
Beləliklə, "Atalanta" və "Bayer" klubları mayın 22-də İrlandiyanın Dublin şəhərindəki "Aviva" stadionunda keçiriləcək final oyununda üz-üzə gələcək.