Kişi idman gimnastikası üzrə 29-cu, qadın idman gimnastikası üzrə 8-ci açıq Bakı çempionatı və açıq Bakı birinciliyinə yekun vurulub. İki gün davam edən yarışda Balakən Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, “Ocaq” Sport Klubu (Bakı və Sumqayıt bölmələri), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi və Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbini 24 qadın və 29 kişi olmaqla ümumilikdə 53 idmançı təmsil edib.
Bakı çempionatında böyüklər (2008-ci il və daha böyüklər), gənclər (2011-2009), yeniyetmələr (2012-2013) yaş kateqoriyasında qadın idman gimnastikasının nümayəndələri, böyüklər (2006-cı il və daha böyüklər), gənclər (2007-2008 / kateqoriya A; 2009-2010 / kateqoriya B), yeniyetmələr (2011-2012) yaş kateqoriyalarında isə kişi idman gimnastikasının təmsilçiləri mübarizə aparıblar. Bakı birinciliyində iştirak edəcək idmançılar arasında kişi idman gimnastikasının yeniyetmələr (2011-2012), uşaqlar (2013-2014), balacalar (2015-2016), kiçiklər (2017), qadın idman gimnastikasının isə gənclər (2011-2009) və yeniyetmələr (2012-2013) yaş qrupuna aid nümayəndələri yer alıb. Yarışın ilk günündə fərdi çoxnövçülük proqramı üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında qadın idman gimnastikasının, kiçiklər, gənclər, böyüklər yaş kateqoriyalarında isə kişi idman gimnastikasının ən güclü nümayəndələri müəyyənləşib. Milli yarışın son günündə isə gənclər və yeniyetmələr yaş qrupları arasında ayrı-ayrı alətlər üzrə qadın idman gimnastikasının, gənclər və böyüklər yaş qrupunda isə kişi idman gimnastikasının ən yaxşıları bəlli olub. Həmçinin balacalar, uşaqlar, yeniyetmələr yaş kateqoriyalarında fərdi çoxnövçülük üzrə kişi idman gimnastikasının təmsilçiləri mükafatlandırılıb.