Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov və vitse-prezident Bəhruz Quliyev Bakı Regional Voleybol Klubunun məşqçilər heyəti və idmançılarla görüşüb.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, federasiya rəhbərliyi Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunan məşq prosesini izləyib. Şahin Bağırova məşq prosesi haqqında ətraflı məlumat verilib.
Federasiya prezidenti öz növbəsində qeyd edib ki, regional klublar uşaq voleybolunun inkişafı çərçivəsində yaradılıb və hazırda 8 RVK fəaliyyət göstərir. Qurum rəhbəri mütəmadi olaraq müxtəlif yaş qrupları üzrə yarışlar keçiriləcəyini, həmçinin milli komandalar üçün seleksiya məşqlərinin təşkil ediləcəyini də vurğulayıb. O, əsas məqsədin gənclərdən ibarət milli komandaların formalaşdırılması, eləcə də müxtəlif bölgələrdən olan voleybolçuların klublarda çıxış etməsi olduğunu bildirib. Ş.Bağırov uşaqlara məşqlərlə yanaşı, dərslərinə də ciddi yanaşmalarını tövsiyə edib, onlara uğurlar arzulayıb.