İAM ilin ən yaxşılarını mükafatlandırdı

İAM ilin ən yaxşılarını mükafatlandırdı

Dekabrın 18-də İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri” layihəsi çərçivəsində keçirdiyi sorğunun nəticələrinə həsr olunan tədbir keçirildi. 34 KİV-i təmsil edən idman jurnalistlərinin səsverməsi ilə müəyyənləşən 7 nominasiya üzrə 2013-cü ilin ən yaxşıları "Qafqaz Baku City Hotel & Residences” hotelində mükafatlandırıldı. Tədbirdə idman jurnalistləri, idman ictimaiyyətinin nümayəndələri, həmçinin MOK-un vitse-prezidenti Xəzər İsayev, federasiya rəsmilərindən Ceyhun Məmmədov, Yaşar Məmmədov, Elçin Cəfərov və başqaları iştirak etdilər.
Mükafatlandırma mərasimini giriş sözü ilə açan İAM-ın rəhbəri Elşən Məmmədov sorğunun ənənəvi olacağını bildirdi: "Olimpiya Hərəkatı və ölkə idmanının təbliğinə dəstək üçün yaradılan qurum təxminən 1 ildir fəaliyyət göstərir. Bu, bizim ikinci sorğumuzdur. İlk dəfə ötən il Premyer Liqanın ən yaxşısı ilə bağlı sorğu keçirmişdik. Peşəkar Futbol Liqası ilə birgə 7 nominasiya üzrə qaliblər müəyyənləşmişdi”.

Bu dəfə də bu rəqəmin 7 olduğunu deyən E. Məmmədov nominasiyaların fərqliliyini qeyd etdi. Onun sözlərinə görə, sorğuya 34 KİV qatılmışdı və qaliblər də onların səsverməsi ilə müəyyənləşmişdi. Bəzi nominasiyalarda aşkar favorit olsa da, üçündə mübarizə gərgin gedib.
Tədbirin aparıcısı Pərviz Musayevin dəvəti ilə səhnəyə çıxan Bəhram Bağırzadə, Ramin Musayev, Elçin Cəfərov və digər qonaqlar qaliblərə mükafatları təqdim etdilər. Qaliblərdən şahmat yığmasının aparıcı üzvləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov, həmçinin Reynaldo Silva müxtəlif səbəblərdən tədbirə qatılmadılar.
Qeyd edək ki, həmkarlarımız seçimlərində hər nominasiya üzrə 1-i olmaqla, ən yaxşı saydıqlarının adlarını göstərmişdillər. Səsvermənin yekununda qalib olanlar sırasında yalnız bir nominasiyada vahid lider müəyyənləşməmişdi. İlin jurnalisti adına 2 həmkarımız layiq görüldü.
İAM sədri 2013-cü ildə idmançılarımızın qazandığı uğurlardan da danışdı. Tədbirə qatılmayan Hafiz Məmmədovun mükafatını almaq üçün mərasimə təşrif buyuran "Bakı”nın icraçı-direktoru Yaşar Seyidov klubun gördüyü işlərdən, İspaniya "Atletiko”su və Fransa "Lans”ı ilə əməkdaşlıqdan danışdı.
MOK-un vitse-prezidenti Xəzər İsayev isə idman jurnalistlərini "böyük qüvvə” adlandırdı. Onun sözlərinə görə, idmandakı uğurlarımıza məhz jurnalistlər dəyər verməlidir: "Sorğuda layiq olanlar qalib gəldi. Digərləri də çalışmalıdır ki, ən yaxşı olsunlar”.
Qılıncoynatma federasiyasını təmsil edən Yaşar Məmmədov da səsvermənin obyektivliyindən danışdı. O bildirdi ki, səsvermənin nəticələrinə əsasən ən yaxşılar qalib gəlib.
Qeyd edək ki, ilin ən yaxşılarının seçilməsi üçün keçirilən səsvermədə qəzetimizi Rahib Səmədov təmsil edib.

İlin ən yaxşıları
1. İlin idman xadimi - Hafiz Məmmədov ("Bakı” klubunun prezidenti);
2. İlin idmançısı - Elxan Məmmədov (cüdo);
3. İlin futbolçusu - Kamran Ağayev ("Bakı”);
4. İlin əcnəbi futbolçusu - Reynaldo Silva ("Qarabağ”);
5. İlin komandası - Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi;
6. İlin baş məşqçisi - Qurban Qurbanov ("Qarabağ”);
7. İlin idman jurnalisti - Sənan Şəfizadə, İxtiyar Əsgərov.