Güləş qaydalarına dəyişikliklər və çəki dərəcələri ilə bağlı seminar keçirildi

Güləş qaydalarına dəyişikliklər və çəki dərəcələri ilə bağlı seminar keçirildi



Dekabrın 20-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində yeni güləş qaydaları və çəki dərəcələri ilə bağlı klub və cəmiyyətlərdə fəaliyyət göstərən məşqçi-müəllimlər üçün ümumrespublika seminarı keçirildi.
Seminar Azərbaycan Güləş Federasiyası (AGF) rəhbərliyinin göstərişi ilə yığma komandanın baş məşqçi-müəllimi və AGF-nin Hakimlər Kollegiyası tərəfindən aparıldı. Seminarın keçirilməsində əsas məqsəd Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən güləş qaydalarında və çəki dərəcələrində edilən dəyişikliklər barədə yerli məşqçi və mütəxəssisləri məlumatlandırmaq, videogörüntülər vasitəsi ilə qaydaları izah etmək və praktiki biliklər paylaşmaqdan ibarət olub.
Seminarda çıxış edən Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov Beynəlxalq Güləş Federasiyası tərəfindən təsdiq edilən yeni çəki dərəcələri və güləş qaydalarına edilən dəyişikliklər barədə ətraflı məlumat verib. «Hər il olduğu kimi bu il də Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə, ümumrespublika seminarı keçirilir. Bu il də ənənəyə sadiq qalaraq, işlərimizi müəyyən plan üzrə qurmağı məqsədəuyğun hesab etdik. Buyaxınlarda Moskva şəhərində FİLA İcraiyyə Komitəsinin növbədənkənar iclası keçirilib. Bu iclasda güləşin daha da kütləvi xarakter alması üçün FİLA tərəfindən güləş qaydalarında və çəki dərəcələrində dəyişiklik edildi. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti və FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev öz təkliflərini FİLA-ya bildirmişdi. Sevindiricidir ki, həmin iclasda təkliflər müzakirə olunduqdan sonra əksəriyyəti qəbul olundu. Dekabrın 10-da yekun səsverməyə əsasən, yeni güləş qaydaları təsdiqdəndi. Hakimlər kollegiyası bu barədə məşqçi və idmançıları təlimatlandıracaq. Həmin iclacsda FİLA tərəfindən yarışların keçirilmsi 8 çəki dərəcəsi planlaşdırıldı. Bu çəkilərdən yalnız 6-ı Olimpiya oyunlarının proqramına daxl edildi. Yeniyetmə və gənclər arasında keçirilən çəki dərəcələrində isə dəyişikliklər olunmayıb. Təbii ki, bu dəyişikliklər FİLA tərəfindən çox müzakirə olundu. İnanıram ki, yeni çəki dərəcələri və qaydaları idmançılarımız üçün heç bir çətinlik yaratmayacaq», -deyə Əjlər Cəfərov bildirdi.
Daha sonra AGF Hakimlər Kollegiyasının sədri, Olimpiya dərəcəli hakim Bəhmən Talebi qaydalardakı dəyişiklikləri geniş izah etdi və məşqçi-müəllimləri maraqlandıran sualları cavablandırdı. Mübahisəli məqamlar monitorda göstərilərək müzakirə olundu.