Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlandı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlandı

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Yığıncağı giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyindəki məsələ barəsində məlumat verib.

Gündəlikdəki məsələlər barəsində çıxış etmək üçün söz Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor Şura üzvlərinə məlumat verərək bildirib ki, ötən müddət ərzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə 108 yazı təqdim olunub. "Müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 15 istiqamət üzrə keçirilib. Fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən qiymətləndirilib”, - deyə o əlavə edib. Bundan sonra müsabiqənin nəticələri Müşahidə Şurasının müzakirəsinə çıxarılıb. Müzakirələrdə iştirak edən Şura üzvləri jurnalist peşəkarlığının artırılması baxımından müsabiqənin xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə, həm də 15 müsabiqə iştirakçısına həvəsləndirici mükafatların verilməsi qərara alınıb. Qeyd edək ki, müsabiqənin şərtlərinə uğun olaraq qaliblərin hər birinə 1000 manat, həvəsləndirici mükafatların sahiblərinə isə 300 manat məbləğində mükafat verilməsi nəzərdə tutulub.
Tədbirin sonunda Vüqar Səfərli Müşahidə Şurası üzvlərini maraqlandıran məsələlərə aydınlıq gətirib.
Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsində "Olimpiya dünyası” qəzetinin əməkdaşı Azər Əlizadə də qaliblər sırasında yer alıb.