Çempionların adına “Sərhədçi”də aydınlıq gətirildi

Çempionların adına “Sərhədçi”də aydınlıq gətirildi

Dekabrın 21-23-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirildi.
Çempionatın təntənəli açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov, AGF-in baş katibi Əjdər Cəfərov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak etdilər. Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev ölkəmizdə idmana, xüsusən, də güləş idman növünə göstərilən dövlət qayğısından danışdı. "Bu gün ölkəmizdə idmana yüksək səviyyədə qağyı göstərilir. İdmançılarımz da bu qayğıdan yararlanaraq ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər. Güləş tarixi ənənələri olan bir idman növüdür. Gənclərin bu gün idmana böyük maraq göstərməsi idmanın kütləviliyinin artırılması ölkə idmanının qaqaqcıl məsələlərindən biridir”, - deyə Xəzər müəllim qeyd etdi.

Daha sonra çıxış edən AGF-in vitse-prezidenti Elçin Cəfərov Azərbaycanda güləşə böyük marağın olduğunu bildirdi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənc və yeniyetmə idmançıların məşq şəraiti ilə yanaşı, ailə-məişət problemlərinin də aradan qaldırdığını dedi. Güləşçilərimizin beynəlxalq arenalardakı nailiyyətlərindən söz açan natiq yarış iştirakçılarına uğurlar arzuladı.
Sonra AGF-in baş katib Əjdər Cəfərov turnir iştirakçılarını salamlayaraq, yarışları açıq elan etdi. Dövlət himni səsləndirildikdən sonra açılış mərasiminin rəsmi hissəsi başa çatdı.
Çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 55 kq, 60 kq, 66 kq və 74 kq çəki dərəcələrində 76 pəhləvan çempionluq uğrunda mübarizəyə başladı. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Orxan Əhmədov (55 kq, "Lokomotiv”), Taleh Məmmədov - (60 kq, "Neftçi” İSM), Həsən Əliyev (66 kq, "Neftçi” İSM), Rüstəm Əliyev (74 kq, DİN İC) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar.
Yarışların ikinci günündə yunan-Roma güləşi üzrə 84 kq, 96 kq və 120 kq, sərbəst güləş üzrə 55 kq və 60 kq çəki dərəcələrində ən güclülər müəyyənləşdi. 116 pəhləvanın mübarizə apardığı yarışlarda Mate Savadze (84 kq, "Atasport”), Araz Həsənov (96 kq, "Neftçi” İSM) və Valera Rodriges (120 kq, "Atasport) birinci yeri tutdular.
Sərbəst güləş üzrə keçirilən yarışlarda isə Namiq Sevdimov (55 kq, DİN İC) və Hacı Əliyev (60 kq, "Neftçi İSM) qızıl medala layiq görüldülər.

Çempionatın son günündə sərbəst güləş üzrə 66 kq, 74 kq, 84 kq, 96 kq və 120 kq çəki dərəcələrində güləşçilər mübarizəyə başladılar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Ruslan Dibirhacıyev (66 kq, "Atasport”), Əşrəf Əliyev (74 kq, "Neftçi” İSM), Həmzət Osmanov (84 kq, "Atasport”), Xetaq Qazyumov (96 kq, "Atasport) və Cəmaləddin Məhəmmədov (120 kq, "Atasport”) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar.
İlk 3 yeri tutan idmançılara AGF tərəfindən diplom, medal və pul mükafatı təqdim olundu. Qalib güləşçilər yığma komandanın heyətinə cəlb olunacaqlar.
Yarışlar başa çatdıqdan sonra idman mütəxəssisləri "Olimpiya dünyası” qəzeti ilə təəssuratlarını bölüşdülər.
Xəzər İsayev (Milli Olimpiya Komitəsinin vitse-prezidenti):
- Həyatımın əsas hissəsini güləşə həsr etmişəm. Güləşçilərimizin qələbələrini görəndə həmişə fəxr etmişəm. Bu idman növü Azərbaycanda böyük inkişaf mərhələsini yaşayır. Bildiyiniz kimi, buyaxınlarda Beynəlxalq Güləş Federasiyasının qaydaları dəyişdirildi. Fikrimcə, bu, bizim üçün çətinlik yaratmamalıdır. İndiyə qədər də belə dəyişikliklər olub. Lakin pəhləvanlarımız hər bir dəyişiklikdən sonra yüksək nailiyyətlər qazanmağı bacarıblar. Yarışları izləyərkən bəzi yeni perspektivli idmançıları aşkar etdim. İnanıram ki, bu güləşçilər gələcəkdə yığma komandaya böyük kömək olacaqlar. Düzdür, idmançıların çıxışında müəyyən çatışmazlıqlar hiss olunurdu. Onlar bu səhvlərinin üzərində çalışmalıdırlar. Azərbaycan çempionatının qalibi olmaq o demək deyil ki, artıq hər bir şey öz yolundadır. Çalışmaq lazımdır ki, bütün çatışmazlıqlar aradan qaldırılsın.
Fərid Mansurov (Olimpiya çempionu):
- Bu turnir ilin son yarışıdır. Azərbaycan çempionatında ilk üç yeri tutan idmançılar 2014-cü ilin yığma komandasının tərkibini müəyyən edəcəklər. Onlar yığma komandanın heyətinə cəlb olunacaqlar. Yarışları izlədikdə çıxış zamanı idmançılarda bir yorğunluq hiss olunurdu. Təbii ki, bu da onların yarışlarda fasiləsiz iştirakından irəli gəlir. Yarış çox yüksək səviyyədə təşkil olundu. Yeni qaydalardan sonra bəzi idmançıların buna alışması müəyyən vaxt tələb edir. Bəzi güləşçilər yeni qaydalara uyğunlaşmadığı üçün onların çıxışları elə də diqqət çəkmədi. İnanıram ki, güləş yeni qaydalarla daha maraqlı olacaq və idmançılarımız yeni qələbələr qazanacaqlar.
Dekabrın 20-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində yeni güləş qaydaları və çəki dərəcələri ilə bağlı klub və cəmiyyətlərdə fəaliyyət göstərən məşqçi-müəllimlər üçün ümumrespublika seminarı keçirildi.
Seminar Azərbaycan Güləş Federasiyası (AGF) rəhbərliyinin göstərişi ilə yığma komandanın baş məşqçi-müəllimi və AGF-in Hakimlər Kollegiyası tərəfindən aparıldı. Seminarın keçirilməsində əsas məqsəd Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən güləş qaydalarında və çəki dərəcələrində edilən dəyişikliklər barədə yerli məşqçi və mütəxəssisləri məlumatlandırmaq, videogörüntülər vasitəsilə qaydaları izah etmək və praktiki bilikləri paylaşmaqdan ibarət idi.

Seminarda çıxış edən Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov Beynəlxalq Güləş Federasiyası tərəfindən təsdiq edilən yeni çəki dərəcələri və güləş qaydalarına edilən dəyişikliklər barədə ətraflı məlumat verdi. "Hər il olduğu kimi bu il də Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə ümumrespublika seminarı keçirilir. Bu il də ənənəyə sadiq qalaraq, işlərimizi müəyyən plan üzrə qurmağı məqsədəuyğun hesab etdik. Buyaxınlarda Moskva şəhərində FİLA İcraiyyə Komitəsinin növbədənkənar iclası keçirildi. Bu iclasda güləşin daha da kütləvi xarakter alması üçün FİLA tərəfindən güləş qaydalarında və çəki dərəcələrində dəyişiklik edildi. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti və FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev öz təkliflərini FİLA-ya bildirmişdi. Sevindirici haldır ki, həmin iclasda təkliflər müzakirə olunduqdan sonra əksəriyyəti qəbul olundu. Dekabrın 10-da yekun səsverməyə əsasən yeni güləş qaydaları təsdiqdəndi. Hakimlər kollegiyası bu barədə məşqçi və idmançıları təlimatlandıracaq. Həmin iclacsda FİLA tərəfindən yarışların keçirilmsi 8 çəki dərəcəsi üzrə planlaşdırıldı. Bu çəkilərdən yalnız 6-sı Olimpiya oyunlarının proqramına daxl edildi. Yeniyetmə və gənclər arasında keçirilən yarışların çəki dərəcələrində isə dəyişikliklər olunmayıb. Təbii ki, bu dəyişikliklər FİLA tərəfindən çox müzakirə olundu. İnanıram ki, yeni çəki dərəcələri və qaydaları idmançılarımız üçün heç bir çətinlik yaratmayacaq”, - deyə o bildirdi.
Daha sonra AGF Hakimlər Kollegiyasının sədri, Olimpiya dərəcəli hakim Bəhmən Talebi qaydalardakı dəyişiklikləri geniş izah etdi və məşqçi-müəllimləri maraqlandıran sualları cavablandırdı. Mübahisəli məqamlar monitorda göstərilərək müzakirə olundu.