Bu il fərqlənən idman xadimləri, idmançılar və federasiyalar mükafatlandırıldı

Bu il fərqlənən idman xadimləri, idmançılar və federasiyalar mükafatlandırıldı

Gənclər və İdman Nazirliyi yola saldığımız ildə fərqlənən idman xadimlərinə, idmançılara və federasiyalara mükafatlar təqdim etmişdir.
Dekabrın 23-də "Buta Palas”da keçirilən mərasimdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra cari ildə ölkəmizdə təşkil edilmiş beynəlxalq turnirlər və idmançılarımızın qazandığı nailiyyətlər barədə videoçarx nümayiş olunmuşdur.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qeyd etmişlər ki, bu il ölkəmizin idman ictimaiyyəti üçün uğurlu olmuşdur. 2013-cü ildə Azərbaycan idmançıları 800-dək medal qazanmışlar. Cari ildə idmançılarımız İslam Həmrəyliyi Oyunlarında və Yay Universiadasında uğurla çıxış edərək Azərbaycan bayrağını yüksəltmişlər.
Respublikamızın idman ölkəsinə çevrildiyini diqqətə çatdıran natiqlər növbəti illərdə Azərbaycanda Dünya İdman Jurnalistləri Assosiasiyasının konqresinin, birinci Avropa Oyunlarının, Dünya Şahmat Olimpiadasının, İslam Həmrəyliyi Oyunlarının və digər mötəbər yarışların keçiriləcəyini vurğulamışlar. Bütün bunların ölkəmizdə təşkil olunması respublikamızda gedən dinamik inkişafdan xəbər verir. Bu səbəbdən ali idman qurumları çəkinmədən mötəbər yarışların Azərbaycanda təşkil olunmasına maraq göstərirlər.
Natiqlər bildirmişlər ki, ölkəmizdə idman siyasətinin banisi ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndərin yaratdığı idman strategiyası hazırda Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra ilin ən yaxşı idman xadimlərinin, idmançıların və federasiyaların adları elan edilmişdir.