Bakıda ilk ailəvi idman yarışı keçirildi

Bakıda ilk ailəvi idman yarışı keçirildi

Dekabrın 22-də "ABU Arena”da "Fəal ailəm, sağlam aləm” layihəsi çərçivəsində ilk ailəvi idman yarışlarının final mərhələsi keçirildi.
Yarışın final mərhələsinin açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev Təhsil Nazirliyinin sektor müdiri Ağababa İbrahimov, "Coca Cola” şirkətinin əməkdaşı Qabil Əhmədov və Olimpiya çempionu Fərid Mansurov iştirak edirdilər.

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə Olimpiya Hərəkatının inkişafından danışdı: "Bu gün biz böyük tədbirə toplaşmışıq. Bu tədbir Olimpiya Hərəkatının Azərbaycanda nə dərəcədə inkişaf etdiyini sübut edir. Azərbaycan Milli Olimpiya Komitəsi 1997-ci ildən başlayaraq, Beynəlxalq Olimpiya Hərəkatında çox fəal iştirak edir. Olimpiya Hərəkatı sağlam, fəal həyat deməkdir. Buna görə də Milli Olimpiya Komitəsi "Coca Cola” şirkəti ilə birgə belə bir layihəni həyata keçirib. 2013-cü ildən fəaliyyətə başlayan bu layihə üzrə ilin sonunda daha bir tədbir reallaşıb. Bildiyiniz kimi, qarşıdakı illərdə Azərbaycanda çox böyük idman tədbirləri təşkil olunacaq. Azərbaycan Avropanın idman mərkəzinə çevriləcək. 2014-cü ilin aprel ayında Bakıda ümumdünya idman jurnalistlərinin konqresi keçiriləcək. Həmin ilin may ayında Yeniyetmələrin Yay Olimpiya Oyunlarına təsnifat turniri təşkil olunacaq. 2015-ci il isə Azərbaycan üçün daha möhtəşəm tədbirlərlə yadda qalacaq. Bildiyiniz kimi, Azərbaycan ilk dəfə keçirilən I Avropa Oyunlarına ev sahibliyi edəcək. İstərdim ki, bu oyunlarda Azərbaycan gəncləri çox fəal iştirak etsinlər. Bizim bu tədbirləri keçirməkdə əsas məqsədimiz gənc ailələri sağlam həyata və fəallığa dəvət etməkdir. Tədbirin keçirilməsində bizimlə əməkdaşlıq etdiklərinə görə "Coca Cola” şirkətinə, Gənclər və İdman Nazirliyinə, Təhsil Nazirliyinə və "ABU Arena”nın rəhbərliyinə təşəkkürümü bildirirəm”.
Təhsil Nazirliyinin sektor müdiri Ağababa İbrahimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışdı və "Fəal ailəm, sağlam aləm” idman yarışının keçirilməsini çox mühüm hadisə adlandırdı. "Qeyd olunduğu kimi, Təhsil Nazirliyi də bu layihəyə dəstək verir. İnanıram ki, bu uğurlu layihə gələcəkdə də davam etdiriləcək. Ailələrin, gənclərin birlikdə idmana qatılması cəmiyyətimizdə sağlamlığın bir daha möhkəmlənməsinə xidmət edəcək”, - deyə Ağababa müəllim qeyd etdi.

"Coca Cola” şirkətinin əməkdaşı Qabil Əhmədov da tədbirlə bağlı fikirlərini bildirdi. "Belə möhtəşəm idman yarışını təşkil etdiyinə görə, "Coca Cola” şirkəti adından Milli Olimpiya Komitəsinə minnətdarılığımı bildirirəm. Bu, Azərbaycanda keçirilən kütləvi idman tədbirlərindən biridir. İnanıram ki, insanların sağlamlığına xidmət edən belə tədbirlər davamlı olacaq. Bu layihə fəal həyat tərzi və insanların idmana cəlb olunmasında mühüm rol oynayır. Tədbir iştirakçılarına uğurlar arzulayıram”, - deyə o əlavə etdi.
Tədbirdə çıxış edən Afına-2004 Yay Olimpiya Oyunlarının çempionu Fərid Mansurov tədbirin əhəmiyyəti barədə danışdı.
""Fəal ailəm, sağlam aləm” layihəsi altında keçirilən Bakı açıq ailəvi idman yarışı çox mötəbər tədbirdir. Bu yarış özünəməxsusluğu ilə seçilir. Bu cür yarışları izlədiyim zaman idmana yenicə gəldiyim vaxtlar yadıma düşür. Hərəkət fəallıqdır, fəallıq isə sağlamlıqdır. İnanıram ki. burda iştirak edən gənclər gələcəyin Olimpiya, dünya və Avropa çempionu olacaqlar”, - deyə o vurğuladı.
Çıxışlardan çonra tədbir incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdi.
Daha sonra yarışın final mərhələsi başladı. Həlledici mərhələ idman növləri ilə adlandırılmış 18 komanda arasında keçirildi.

Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda "Veloidman” komandası birinci yerə layiq görüldü. "Karate” kollektivi ikinci, "Basketbol” komandası isə üçüncü yerə sahib çıxdı.
Qalib komandaya kuboku Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Olimpiya çempionu Rəfiqə Şabanova təqdim etdi.
Məlumat üçün qeyd edək ki, "Fəal ailəm, sağlam aləm” layihəsi Azərbaycan Milli Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Bu ilin mart ayından dekabr ayınadək İsmayıllı, Bakı, Abşeron, Qəbələ, Sumqayıt, Qax, Bərdə, Kürdəmir, Şəmkir, Ağcabədi, Nabran, Mingəçevir kimi şəhər və rayonlarda ailəvi idman yarışlarının seçim mərhələsi keçirilmişdi.
Şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət yarışın əsas məqsədi əhali arasında sağlam həyat tərzini təbliğ etməklə uşaqları, gəncləri və onların valideynlərini Olimpiya Hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.