Çaparımız daha bir nailiyyət qazanıb

Çaparımız daha bir nailiyyət qazanıb

Atçılığın konkur növü üzrə milli komandanın kapitanı Camal Rəhimov Azərbaycanı ölkə hüdudlarından kənarda layiqincə təmsil edir. 2008-ci il Pekin və 2012-ci il London Olimpiya Oyunlarının iştirakçısı olan idmançı xüsusilə də son illər Avropanın bir sıra yüksək səviyyəli turnirlərində ilk onluqda yer alıb. Avropada təşkil olunan yüksək kateqoriyalı, yəni 4 və 5 ulduzlu turnirlərdə idmançımızın rəqibləri əsasən, dünya reytinqində ilk 50 yeri tutan çaparlar olub. 2013-cü il sentyabr ayının əvvəllərində İspaniyada keçirilən CSİ5* Gijon turnirinin Qran-pri mərhələsini cərimə xalsız başa vuran Camal Rəhimov "Warrior” ləqəbli atla 2014-cü ilin dünya çempionatına vəsiqəni özü üçün təmin edib. Qedy edək ki, dünya çempionatı 2014-cü ilin avqust-sentyabr aylarında Fransanın Normandiya əyalətində keçiriləcək.
Dekabrın 21-də idmançımız öz nailiyyətlərinə daha birini əlavə edib. Belə ki, təmsilçimiz İspaniyada keçirilən və hündürlüyü 160 sm olan CSİ5* ən yüksək kateqoriyalı konkur yarışlarının Qran-pri mərhələsində 3-cü yeri tutub. Çaparımızın dəf etdiyi 160 sm hündürlük belə yarışlar üçün beynəlxalq federasiya tərəfindən təyin edilən maksimal hündürlükdür. 32 idmançı arasında iki turdan ibarət yarışların hər iki hissəsini cərimə xalı olmadan başa vuran Camal Rəhimov 1-ci və 2-ci yerləri tutan çaparlardan cəmi 2 saniyə geri qalıb. Dünya reytinqində ilk 30-luqda yer alan idmançılarla mübarizə aparan həmyerlimiz hətta son Olimpiya çempionu Stiv Qerardı da geridə qoyub.