Böyük uğurlara verilən yüksək qiymət

Böyük uğurlara verilən yüksək qiymət

Dekabrın 19-da 2013-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderləri təqdim olundu. Mənzil alanlardan bir neçəsi öz sevinclərini "Olimpiya dünyası” qəzeti ilə bölüşdü.

Rəsul Çunayev:
- İlin idman yekunlarna həsr olunmuş tədbirdə mən də iştirak edirdim. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev həmin tədbirdə məni də mənzillə mükafatlandırdı. Azərbaycan Prezidentinin qəbulunda olmaq mənim ən böyük arzularımdan biri idi. 22 yaşım olmasına baxmayaraq, ikinci dəfədir ki, ölkə başçısının qəbulunda oluram. Düzünü desəm, mən həmişə belə tədbirləri televiziya qarşısında izləmişdim. Öz üzərimdə səylə çalışdım və nəhayət, əziyyətimin bəhrəsini gördüm. Tələbələrin Yay Unversiadasında qızıl medal qazandım. Bu nəticələrimə görə mənə mənzil verildi. Şükürlər olsun ki, bu arzum həyata keçdi. Bu xəbəri eşidəndə sevincimin həddi-hüdudu yox idi. Sevincimi ilk olaraq ailəmlə bölüşdüm. Mənə yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Azərbaycan idmanı özünün ən yüksək mərhələsini yaşayır. Ölkə başçısının Azərbaycan idmanına göstərdiyi diqqət və qayğı idmançılarımıza böyük ruh verir. Çalışacağam ki, hazırlıq səviyyəmi daha da artırım və mənə bəslənən etimadı doğruldum.

Zülfüqar Süleymanov:
- Bir Azərbaycan vətəndaşı kimi, bu ölkədə doğulduğuma və bu ölkənin bayrağını idmançı kimi dalğalandırdığıma görə çox şadam. Azərbaycan böyük gələcəyi olan gözəl bir yerdir. Ölkəmizdə hər bir sahədə qazanılan böyük uğur və tərəqqi bizi sevindirir. İdmana və idmançılara göstərilən qayğı və diqqəti hər an hiss edirik. Ömrümü idmana həsr etmişəm. Ağırlıqqaldırma üzrə Avropa, dünya çempiontalarının, beynəlxalq yarışların mükafatçısıyam. Cənab Prezident İlham Əliyevin mənə verdiyi mənzil mənim üçün ən böyük mükafatdır. Bir neçə ay əvvəl İndoneziyada keçirilən İslam Həmrəyliyi Oyunlarından sonra ölkə başçısı idmançıları qəbul etmişdi. Çox sevinirəm ki, həmin görüşə mən də dəvət olunmuşdum. Fürsətdən istifadə edib, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Çalşacağam ki, iştirak etdiyim hər bir yarışda bayrağımızı yüksəklərdə dalğalandırım.

Nabat Camalova:
- Müstəqil və gənc dövlətimiz günü-gündən inkişaf edir. Ölkəmizdə bütün sahələr kimi, idmana da böyük diqqət və qayğı var. Ölkə rəhbərliyinin idmana və bədən tərbiyəsinə göstərdiyi qayğıdan çox razıyıq. Biz idman mütəxəssislərinə dövlətimiz tərəfindən hər bir şərait yaradılıb. Bu şəraitdən yararlanaraq öz işimizə daha həvəslə yanaşırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə gün əvvəl idman sahəsində fərqlənən idmançılara və mütəxəssislərə mükafatlar təqdim etdi. Mənzillə mükafatlandırılanlar arasında mən də var idim. 38 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm. Bunun məntiqi nəticəsidir ki, ölkə başçısı məni mənzillə təmin etdi. Sevincimin həddi-hüdudu yoxdur. Qeyd edim ki, dekabrın 19-da mənim ad günüm oldu. Elə həmin gün bu mükafata layiq görüldüm. Mən və ailəm ikiqat sevinc hissi keçirdik. Bu mükafata və mənə göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Çalışacağam ki, bu etimadı sona qədər doğruldum.

Ramin İbrahimov:
- Biz idmançılar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısını hər zaman hiss edirik. Ötən il Londonda keçirilən paralimpiya oyunlarında qazandığımız qələbələr ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi. Buğünlərdə prezidentimiz tərəfindən mənzillə təmin olmağım bu qayğının bariz nümunəsidir. İdmançıların məişət problemləri, onların sağlamlığı heç vaxt dövlət rəhbərimizin diqqətindən yayınmayıb. Göstərilən qayğı biz idmançıları daha da həvəsləndirir. Bu həvəs bizi beynəlxalq yarışlara daha yaxşı hazırlaşmağa və qalib adını qazanmağa səsləyir.
Bildiyimiz kimi, 2015-ci ildə ölkəmiz ilk dəfə I Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu yarışda vətənimizi layiqincə təmsil etmək arzusundayam. İstəyirəm ki, mənə göstərilən inamı doğruldum. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin paralimpiyaçılara göstərdiyi xüsusi diqqət məni çox sevindirir. Öz çıxışlarında idmançıların yaxın dostu olduğunu vurğulayan ölkə başçımız biz idmançılara böyük ümid bəsləyir. Bu ümidi doğrultmaq, beynəlxalq arenalarda Azərbaycanımızın bayrağını ucaltmaq hər bir idmançı kimi, mənim də borcumdur. Çalışacağam ki, göstərilən etimadı bundan sonra da doğruldum.