Beynəlxalq Gimnastika Federasiyası Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyasını təsdiqləyib.
Azərbaycan Gimnastika Federasiyasın;n m'tbuat xidmətindən verilən məlumata görə, yığmamız bu uğura Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında nail olub.
Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Zeynəb Hümmətova və Darya Sorokinadan ibarət kollektiv çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal toplayaraq siyahıda lisenziyanı daha öncədən təmin etmiş Bolqarıstan, İtaliya və İspaniya komandalarından sonra 4-cü yerdə qərarlaşıb.
Bu, Azərbaycanın gimnastika millisinin Paris Olimpiadasına əldə etdiyi 3-cü vəsiqə olub. Buna qədər bədii gimnastika üzrə fərdi proqramda çıxış edən Zöhrə Ağamirova və batut gimnastikası üzrə təmsilçimiz Selcan Mahsudova eyni nailiyyətə imza atıb.