İstedadlı atletləri ilə fərqlənən “Spartak”

İstedadlı atletləri ilə fərqlənən “Spartak”


Ölkəmizdə idman yüksək səviyyədə inkişaf edir. Bölgələrdə yaradılan idman qurğuları, Olimpiya idman kompleksləri və digər idman ocaqlarında bu sahənin inkişafı üçün lazımı şərait mövcuddur. Respublikamızda idman nailiyyətlərinin əldə olunmasının cəmiyyətlərin də xüsusi rolu var. Belə idman ocaqlarından biri "Spartak” könüllü bədən tərbiyəsi-idman cəmiyyətidir ("Spartak” KBTİC).
"Spartak” idman cəmiyyəti Ümumittifaq Bədən Tərbiyəsi Şurasının 1935-ci il 19 aprel tarixli, 45 saylı qərarına müvafiq olaraq yaradılıb. Bakı şəhərinin 30 bədən tərbiyəsi kollektivini özündə birləşdirən cəmiyyət ilk vaxtlarından öz fəaliyyətini fəhlə və qulluqçular arasında bədən tərbiyəsi və idmanın geniş yayılmasına yönəldib.
Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının inkişafında əvəzsiz xidmətləri olan "Spartak” KBTİC-nin Respublika Şurasının apardığı məqsədyönlü təşkilatçılıq işinin nəticəsində beynəlxalq aləmdə Azərbaycanın idman şərəfini ucaldan bir çox məşhur idmançılar yetişib. Olimpiya çempionları - həndbolçular Rəfiqə Şabanova, Lyudmila Şubina, Larisa Safkina, xoşməramlı oyunların qalibi Esmira Əsgərova, yüngül atletika üzrə Avropa rekordçusu Valeri Sereda, Avropa çempionu Nina Brintseva, sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı və dünya kubokunun sahibi Telman Paşayev bu idman ocağında yetişiblər. Eyni zamanda, öz oyunu və idman ustalığı ilə fərqlənən, dəfələrlə SSRİ xalqları spartakiadalarının və çempionatlarının mükafatçısı, Avropa Həndbol Federasiyası kubokunun qalibi "Avtomobilçi” qadın həndbol komandası, SSRİ Xalqları Spartakiadasının və çempionatının bürünc mükafatçısı "Rabitəçi” qadın otüstü hokkey komandası da məhz "Spartak”da hazırlanıb.

1987-ci ilin martında "Spartak” KBTİC-i ləvğ edilib. Qarşıya çıxan çətinliklərə baxmayaraq "Spartak”ın veteranlarının, idmançılarının, məşqçilərin və bir sıra müvafiq həmkarlar ittifaqları təşkilatlarının köməyi ilə 1993-cü ilin mayında "Spartak” KBTİC-nin Respublika Şurası yenidən bərpa edilib və yeni yaradıcılıqla fəaliyyətə başlayıb. Cəmiyyətin Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran şəhər şuraları da bərpa olunub. Öz tarixi ənənələrinə sadiq qalan "Spartak” KBTİC-in Respublika Şurası yeni-yeni idmançılar və məşqçilər dəstəsinin hazırlanmasına xidmət edən tədbirlər həyata keçirib, öz işini Azərbaycanın iqtisadi, siyasi və sosial həyatında baş vermiş dəyişikliklərə uyğun qurub.
Bu idman cəmiyyətin yetirmələri hər il iştirak etdikləri müxtəlif yarışlarda mükafatalayiq nəticələr göstərirlər. Başa çatmaqda olan 2013-cü il "Spartak” İC-in idmançıları üçün düşərli olub. Belə ki, bu ilin yanvar ayında keçirilən atletika üzrə Azərbaycan kubokunda idman ocağının təmsilçisi Valeriya Balyanina fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yanvar 31-dən - fevralın 3-dək ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təşkil olunub. Cəmiyyətin yetirməsi Anastasiya Vişnevskaya birinci, Fuad Səlimov isə ikinci olub.
Elə həmin ay Türkiyənin İstanbul şəhərində keçirilən yunan-Roma güləşi üzrə Qran-Pri yarışında cəmiyyətin idmançısı uğurla yarışıb. 74 kq çəki dərəcəsində çıxış edən Niyaməddin İbrahimov bürünc medala layiq görülüb.
"Spartak” idman cəmiyyətinin təmsilçiləri təkcə müxtəlif növlər üzrə təşkil olunan turnirlərdə, o cümlədən boks yarışlarında da fərqlənməyi bacarıblar. Belə ki, fevralın 4-10-da 1997-98-ci illər təvəllüdlü oğlanlar arasında boks üzrə Azərbaycan birinciliyi keçirilib. Turnirdə mübarizə aparan "Spartak” İC-in təmsilçisi Tural Hüseynov (-48 kq) bütün rəqiblərindən üstün olub.
Elə həmin ay cəmiyyətin güllə atıcısı Urfan Axundov Fransada təşkil olunan güllə atıcılığı üzrə III Qran-pri beynəlxalq yarışında bürünc medal əldə edib.
Fevral ayını idman ocağının ağırlıqqaldıranları üçün də uğurlu hesab etmək olar. Belə ki, bu növ üzrə üzrə Azərbaycan çempionatında Silviya Angelova (53 kq) qızıl medala sahib çıxıb. "Spartak” İC-in digər üzvləri Kseniya Vişnitskaya (58 kq), Alyona Kiriyenko (75 kq) və Yuliya Dovhal (+75 kq) da çempionatda birinci yeri tutublar. Oğlanların mübarizəsində 69 kq çəki dərəcəsində podima çıxan Rauf Nəbiyev üçüncü yerə layiq görülüb. Nailxan Nəbiyev (94 kq) isə öz çəki dərəcəsində ikinci yerlə kifayətlənib.
"Spartak” İC-in ağırlıqqaldıranları Azərbaycan birinciliyində də mükafatçılar sırasına düşməyi bacarıblar. 20 yaşına qədər gənclər arasında keçirilən turnirdə Ayaz Əliyev (85 kq) çempion tituluna yiyələnib. Ölkə birinciliyini Rauf Nəbiyev (69 kq) gümüş, Həmid Qocayev (77 kq) isə bürünc medalla başa vurublar.
Mart ayında 7-9-da yeniyetmə və gənclər arasında təşkil olunan yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi bu idman ocağının yetirməsi üçün uğurlu olub. Ən ağır çəki dərəcəsində çıxış edən Royal Mirzəyev (120 kq) ikinci yerə layiq görülüb.

Digər növlərdə olduğu kimi, "Spartak” İC-in gimnastları da il ərzində heç də zəif təsir bağışlamayıblar. Belə ki, Rusiyanın paytaxtı Moskva şəhərində təşkil olunan bədii gimnastika üzrə beynəlxalq turnirdə Leyli İbrahimova birinci yerə layiq görülməklə dövlətimizin bayrağını yüksəklərə qaldırıb. Digər gimnastımız Emiliya Səlimova isə bu turnirdə bürünc medala yiyələnib. Rusiyadan qayıtdıqdan sonra "Spartak” İC-in gimnastları Polşanın paytaxtı Varşava şəhərində keçirilən "İRİNA-CUP” V beynəlxalq turnirdə iştirak ediblər. Leyli Ibrahimova, Moskvada olduğu kimi, Varşava turnirində də birinciliyi əldən verməyib. Onun komanda yoldaşı Emiliya Səlimova da yarışların qalibi adını qazanıb. Digər gimnastlarımız Aydan Ağayeva ikinci, Ruqiyyə Səttarova isə üçüncü yerlə kifayətləniblər. Leyli Ibrahimova və Emiliya Səlimova öz uğurlarını növbəti yarışlarda da davam etdiriblər. Qeyd olunan gimnastlar may ayında İtaliyanın Milan şəhərində təşkil olunan beynəlxalq turnirdə birinciliyi əldən verməyiblər. Digər idmançılar Ləman Hacıyeva və Aydan Ağayeva II yeri tutublar.
Aprel ayında Albaniyanın Tirana şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilib. 48 kq çəki dərəcəsində yarışan "Spartak” İC-in yetirməsi Silviya Angelova fəxri kürsünün ikinci pilləsində yer alıb.
"Spartak” idman cəmiyyətinin boksçuları da carı ildə yüksək nəticələrlə yadda qalıblar. Gənclər arasında təşkil olunan boks üzrə Azərbaycan birinciliyi buna sübutdur. Aprel ayında keçirilən turnirdə bu idman ocağının yetirməsi Tural Hüseynov (64 kq) üçüncü yerə layiq görülüb.
Aprel ayında güllə atıcılığı üzrə Azərbaycan birinciliyi təşkil olunub. 1993-cü il təvəllüdlü oğlan və qızlar arasında keçirilən yarışda Xəyalə Hüseynli birinci, Leyli Hüseynova ikinci, Rübabə Quluzadə isə üçüncü yeri tutub. Oğlanların mübarizəsində isə Əliməmməd Hüseynov və Urfan Axundov fərqləniblər. Digər idmançılardan Nuran Əliyev II, Rəşid Rəşidli isə III olub.
May ayında yunan-Roma güləşi üzrə keçirilən Azərbaycan birinciliyində iştirak edən "Spartak” İC-in pəhləvanları mükafatçılar sırasında yer alıblar. Cəmiyyətin bir idmançısı II, bir idmançısı isə III olub. May ayının sonlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş güləş üzrə respublika turniri də cəmiyyətin idmançıları üçün uğurlu keçib. Yunan-Roma güləşi üzrə keçirilən yarışlarda cəmiyyətin iki idmançısı gümüş, üç idmançısı isə bürünc medala layiq görülüb.
Növbəti ay isə "Spartak” İC-in təmsilçiləri atletika üzrə Azərbaycan kuboku uğrunda keçirilən yarışlarda iştirak ediblər. İki gün davam edən turnirdə Valeriya Balyanina fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu idman cəmiyyətinin digər üzvləri Adilə Məmmədli 200 m məsafəni 26:84 saniyəyə qət edərək ikinci olub. O, 1500 metr məsafə üzrə yarışlarda isə üçüncü yeri tutub.
Güllə atıcılığı üzrə təşkil olunan Azərbaycan çempionatı da "Spartak” İC-in təmsilçiləri üçün yadda qalan olub. İyun ayında keçirilən turnirdə Xəyalə Hüseynli və Aynur Qəhrəmanova bütün rəqiblərindən dəqiq olublar. Oğlanların yarışında isə Əliməmməd Hüseynov I, Əli Məcidli II, Rəşid Rəşidli və Urfan Axundov isə III yeri tutublar.
İştirak etdikləri turnirlərdə daima yüksək nəticələr göstərən "Spartak” İC-in gimnastları Türkiyənin İstanbul şəhərində təşkil olunan beynəlxalq turnirdə də ənənələrinə sadiq qalıblar. 3 gün davam edən turnirdə Gülçöhrə Cəfərova çoxnövçülük yarışlarında birinciliyi əldən verməyib. Topla hərəkətlərdə Aydan Ağayeva birinci olmağı bacarıb. Digər gimnastımız Leyli İbrahimova çoxnövçülük və lentlə hərəkətlərdə bütün rəqiblərindən üstün olub. Emiliya Səlimova isə çoxnövçülük və top ilə hərəkətlərdə ikinci yerə sahib çıxıb. Cəmiyyətin gimnastları Əli Nigar II, Alina Tyurina isə iplə hərəkətlərdə üçüncü olublar. Darya Sorokina iplə hərəkətlərdə II, gürzlərlə hərəkətlərdə isə üçüncü yerə sahib çıxıb.
İyunun 28-29-da atletika üzrə Azərbaycan çempionatı keçirilib. 2 gün davam edən yarışda Valeriya Balyanina 100 m məsafəni 12:31 saniyəyə qət edərək Azərbaycan çempionu adını qazanıb. Adilə Məmmədova isə 200 və 400 m məsafə üzrə qaçış yarışlarında ikinci olub.
Bədii gimnastika üzrə Azərbaycan birinciliyində də "Spartak”lı gimnastlar məharətlərini göstəriblər. Belə ki, bu idman ocağının təmsilçiləri Leyli İbrahimova və Aydan Ağayeva fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Aydan həmçinin halqa ilə hərəkətlərdə də fərqlənməyi bacarıb. Çoxnövçülük yarışlarında Emiliya Nurəliyeva II, Ləman Hüseynova isə III olub.
Cəmiyyətin gimnastları iyunun sonlarında Gürcüstanın Tbilisi şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə iştirak ediblər. 2 gün davam edən turnirdə Gülçöhrə Cəfərova, Emiliya Səlimova və Aydan Ağayeva çoxnövçülük yarışlarında bütün rəqiblərini üstələyiblər. Onların komanda yoldaşları Ləman
Hüseynova ikinci, Alina Tyurina, Əli Nigar və Emiliya Nurəliyeva üçüncü yerlə kifayətləniblər.
Sentyabrın 8-10-da Gürcüstanın Batumi şəhərində güləş üzrə beynəlxalq turnirdə mübarizə aparan "Spartak” idman cəmiyyətinin təmsilçisi İsmayıl Qəhrəmanlı (60 kq) yunan-Roma güləşi üzrə yarışlarda III yeri tutub.
Sentyabr ayının sonları "Spartak” üçün daha bir önəmli yarışla əlamətdar olub. Belə ki, sentybarın 22-26-da Estoniyanın Tallin şəhərində təşkil olunan yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi idman cəmiyyətinin tarixi uğurlarından biri kimi sayıla bilər. İdman ocağının təmsilçisi, 94 kq çəki dərəcəsində çıxış edən Nailxan Nəbiyev qitə birinciliyinin qalibi olaraq himnimizi səsləndirib.
Ötən ay "Spartak” İC-in güləşçiləri Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş ruspublika turnirində iştirak ediblər. 2 gün davam edən yarışda 1996-97-ci illər təvəllüdlü güləşçilər birincilik uğrunda qüvvələrini sınayıblar. "Spartak” idmançılarından yunan-Roma güləşi üzrə yarışlarda Tuncay Vəzirzadə (69 kq) ikinci, Seyid Sarıyev (50 kq) isə üçüncü yerə sahib çıxıblar.
Gənclər arasında yunan-Roma güləşi üzrə "Hünər meydanı” turniridə isə Elton Vəzirzadə (84 kq) bürünc medala yiyələnib.
Oktyabrın 18-20-də Gürcüstanın Batumi şəhərində güləş üzrə beynəlxalq turnir keçirilib. Turnirdə qüvvəsini sınayan pəhləvanlar arasında "Spartak”ın yetirmələri də yer alıblar. Yunan-Roma güləşi üzrə keçirilən yarışlarda Adəm Ağarəhimov (66 kq) II, Rüstəm Rəhimli (38 kq) və Cavid Məmmədzadə (38 kq) üçüncü olublar.
Ölkə idmanının inkişafına öz töhvələrini verən "Spartak” idman cəmiyyətinin yetirmələrini qarşıda mötəbər yarışlar gözləyir. İnanırıq ki, onlar bu yarışlarda ölkəmizi ləyaqətlə təmsil edəcəklər.
Azər Əlizadə