“Qol güləşçilərimizin gələcək yarışlarda daha yüksək səviyyədə çıxış edəcəklərinə əminəm”

“Qol güləşçilərimizin gələcək yarışlarda daha yüksək səviyyədə çıxış edəcəklərinə əminəm”
Ölkəmizdə idmana göstərilən dövlət qayğısı bu sahənin inkişafına və kütləviliyinə zəmin yaradıb. Respublikamızda bütün idman növlərinin inkişafına eyni qayğı ilə yanaşılır. İstər Olimpiya, istərsə də qeyri-Olimpiya növlərinə heç bir fərq qoyulmur. Məhz buna görədir ki, Olimpiya oyunlarının proqramına daxil olmayan idman növləri üzrə federasiyalar Azərbaycanda hər cür şəraitlə təmin olunublar. Respublikamızda populyarlıq qazanan qeyri-Olimpiya idman növlərindən biri də qol güləşidir. Azərbaycan Qol Güləşi Federasiyası (AQGF)2009-cu ildə fəaliyyətə başlayıb. Buna baxmayaraq, biləyinin gücünə güvənən gəncləri ətrafında toplaya bilib. Hazırda respublikamızda xeyli gənc bu növlə məşğul olur. Onlar ölkədaxili və beynəlxalq yarışlarda uğurla iştirak edirlər.

Qol güləşinin ölkəmizdə tanınması və inkişafı üçün, ilk növbədə, ölkə gənclərində bu növə kütləvi maraq yaratmaq lazım idi. Bu məqsədlə 2008-ci ildə Azərbaycanda ilk dəfə olaraq "Var gücü ilə” adlı telelayihə işlənib hazırlandı. "İctimai” televiziyanın efirində yayımlanan bu layihə böyük rezonansa səbəb oldu. Məhz bu layihədən sonra qol güləşi ölkəmizdə tanındı və sevildi. Bundan sonra yeni klubların, regional nümayəndəliklərin yaradılması işinə start verildi. Məqsəd qol güləşini bir idman növü kimi kütləviləşdirmək, respublikanın bütün guşələrində güclü potensialı olan gənclərimizi aşkar edərək onları böyük idmana cəlb etmək idi. Bu proses indi də yüksək dinamika və böyük uğurla davam edir. Hazırda Bakının Binəqədi, Xətai, Nizami, Xəzər və Suraxanı rayonlarında, Sumqayıt şəhərində və respublikanın 17 bölgəsində ümumilikdə 26 nümayəndəlik uğurla fəaliyyət göstərir. Görülən tədbirlər tezliklə öz nəticəsini verməyə başlayıb. Artıq qol güləşi üzrə ölkə çempionatı, respublika kuboku kimi ölkədaxili yarışlar daha yüksək səviyyədə keçirilir, beynəlxalq yarış və turnirlərə yollanan idmançılarımızın hazırlıq səviyyələri durmadan artır. 2009-cu ildə keçirilmiş "Var gücü ilə-2” telelayihəsi Azərbaycanda qol güləşinin inkişafına yenidən güclü bir təkan verdi. Məhz bu layihədən sonra artıq qol güləşinin ölkəmizdə əsaslı şəkildə təşəkkül tapdığı və sürətlə inkişaf etdiyi heç kəsdə şübhə doğurmur. 2010-cu ildə "Lider” telekanalının efirində böyük uğurla yayımlanmış "Güclülər Liqası” layihəsinin açılışında iştirak etmək üçün AQGF prezidenti Cəsarət Əhmədovun dəvətilə Bakıya gəlmiş Avropa Armrestlinq Federasiyasının prezidenti Asen Hacıtodorov da öz müsahibələrində bu faktı təsdiqləyib. Qeyd edək ki, 2008-2010-cu illər ərzində Azərbaycan qol güləşçiləri Avropa və dünya çempionatlarından vətənə 7 bürünc, 7 gümüş və 8 qızıl olmaqla, ümumilikdə 22 medal gətiriblər. 2011-ci ildə isə bu göstəricilərə daha 4 bürünc, 10 gümüş və 3 qızıl medal əlavə olunub.

AQGF prezidenti Cəsarət Əhmədov idmançılarımızın yüksək fiziki hazırlığı ilə yanaşı, onların saf mənəviyyata, yüksək əxlaqi keyfiyyətlərə malik olmalarına, əsl vətənpərvər ruhda formalaşmalarına da xüsusi önəm verir. Bu səbəbdən də istər məşq zallarında, istərsə də federasiyanın özündə hər zaman ciddi nizam-intizama, etik davranış normalarına əməl olunur. Azərbaycan Qol Güləşi Federasiyası bütün dövlət tədbirlərində hər zaman çox fəal iştirakı ilə seçilir. Xüsusən də Novruz bayramı münasibətilə təşkil olunan bayram şənliklərinə qol güləşçilərimizin qatılması tədbirə böyük zövq verir. Artıq orta və ali məktəblərdə, hərbi hissələrdə qol güləşi turnirlərinin keçirilməsi də bir ənənə halını alıb.
Azərbaycan Qol Güləşi Federasiyası bu idmanın həmçinin qızlar arasında da təşəkkül tapması və inkişafı istiqamətində böyük işlər görüb. Bu məqsədlə 2011-ci ilin aprel ayında "Lider” telekanalında federasiyanın yeni layihəsi olan "Zərif Güclülər” şousu idmansevərlərə təqdim olunub. Xanım idmançıların iştirakı ilə keçirilmiş bu layihə də böyük ictimai maraq doğurub.
Azərbaycanda 2012-ci ilin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "İdman ili” elan olunması respublikanın bütün idman ictimaiyyəti kimi, qol güləşçilərimizə də əlavə ruh yüksəkliyi və yeni qələbələr əzmi aşılayıb. Federasiyanın ölkədaxili yarışları kütləviliyi ilə seçilib. Ötən il fevral ayında "Saleh” idman klubunda gənclər arasında Bakı şəhər birinciliyi keçirilib. Bu yarışda 4 idman klubunu təmsil edən 80 nəfər atlet mübarizə aparıb. Mart ayında isə gənclər respublika birinciliyində iştirak ediblər. Birincilikdə respublikamızın 20-dən çox rayonunu təmsil edən 150 idmançı gücünü sınayıb. Ümumilikdə, 2012-ci ildə qol güləşi üzrə keçirilən daxili yarışlarına 800 yeniyetmə və gənc mübarizəyə qoşulub. Qol güləşçiləri ötən il Avropa və dünya çempionatlarında da mübarizə aparıblar. May ayında Polşanın Qdansk şəhərində keçirilən Avropa çempionatında AQGF-nin yığma komandası 10 medal qazanıb (5 qızıl, 2 gümüş, 3 bürünc). Sentyabr ayında Braziliyanın San-Paulo şəhərində təşkil olunan dünya çempionatında üç qol güləşçimiz yarışıb. Onlar vətənə 3 qızıl, 1 gümüş və1 bürünc medal gətiriblər. Ümumilikdə isə, 2012-ci ildə Azərbaycan qol güləşçiləri beynəlxalq yarışlarda 17 medal qazanıblar.

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovdun fikrincə, ölkəmizdə bütün idman növlərinə göstərilən diqqət sayəsində qol güləşi də inkişaf edib, populyarlaşıb: "Ölkə idmanında olan sürətli inkişaf göz qabağındadır. Azərbaycanda bütün sahələrə, o cümlədən idmana göstərilən dövlət qayğısı hər bir azərbaycanlının ürəyincədir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması ölkəmizin şöhrətini artırıb. İndi ən ucqar bölgələrimizdə belə, uşaqların idmanla məşğul olması üçün yüksək şərait mövcuddur. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi beynəlxalq arenalarda əldə olunan qələbələrə zəmin yaradıb. Atletlərimizin ən mötəbər turnirlərdə çıxış etməsi məhz Azərbaycanda idmana göstərilən diqqətdən bəhrələnir. Şübhəsiz, digər idman növləri kimi, qol güləşi də dövlətimizin diqqətindən kənarda qalmayıb. Biz çalışırıq ki, dövlətimizin bizə olan münasibətinə əməli işimizlə cavab verək, etimadı doğruldaq. Qol güləşçilərimizin gələcək yarışlarda daha yüksək səviyyədə çıxış edəcəklərinə əminəm. Bildiyiniz kimi, 2014-cü ildə qol güləşi üzrə Avropa çempionatı Bakıda keçiriləcək. Bu möhtəşəm turnirdə 33 ölkədən 750 idmançının iştirak edəcəyi gözlənilir. 2009-cü ilin sentyabr ayında İtaliyanın Rosolina-Mari şəhərində qol güləşi üzrə XXXI dünya çempionatı keçirildi. Həmin vaxt burada Avropa Armrestlinq Federasiyasının qitə konfransı təşkil olunmuşdu. Konfransda çıxış etdim və ölkəmizdə istənilən idman növü üzrə Avropa və dünya çempionatını keçirməyə şərait olduğunu dedim. Beləliklə, səsvermənin nəticələrinə görə, Macarıstan kimi nüfuzlu bir ölkəni qabaqlayaraq Avropa çempionatının ölkəmizdə keçirilməsinə nail olduq. Hazırda federasiyamız bu mötəbər turnirə hazırlıq işləri ilə məşğuldur. Artıq Təşkilat Komitəsi yaratmışıq. Əminəm ki, bütün beynəlxalq yarışlar kimi, Avropa çempionatı da ölkəmizdə yüksək səviyyədə təşkil olunacaq. AQGF-nin qarşısında duran əsas problem idmançılarımızın məişət problemlərinin həlli ilə bağlıdır. Lakin bütün çətinliklərə baxmayaraq, biz bütün daxili imkanları bu idman növünün inkişafına səfərbər etmişik. Qarşıdakı illərdə də, öz uğurlarımızla xalqımızı sevindirəcəyik. Ölkəmizdə yaradılan şərait buna imkan verir. Əldə etdiyimiz uğurlar xalqımızın uğurudur”.
Başa çatmaqda olan 2013-cü il qol güləşçiləri üçün, əvvəlki illərlə müqayisədə, daha uğurlu olub. Federasiyanın fəaliyyəti bu il daha çox dinamikliyi və məhsuldarlığı ilə seçilib. Keçirilən yarışların yüksək səviyyədə təşkili, qazanılan nəticələr, beynəlxalq turnirlərdən ölkəyə gətirilən medalların sayı Azərbaycan Qol Güləşi Federasiyasının (AQGF) dinamik inkişafını təsdiqləyir. Federasiya ilin əvvəllərindən başlayaraq, bir sıra ölkədaxili yarışlar keçirib. Bu yarışlarda kütləviliyin təmin olunmasına xüsusi diqqətlə yanaşılıb. Fevral ayının 2-3-də "Ağ at” idman kompleksində açıq Bakı çempionatı təşkil olunub. Çempionatda 11 çəki dərəcsi üzrə 55 idmançı öz gücünü sınayıb. Mart ayında isə Texniki Universitetin idman zalında qol güləşçilərinin respublika birinciliyi olub. Birincilikdə 55 idmançı 7 çəki dərəcəsində mübarizə aparıb. Elə həmin ay federasiyanın təşkilatçılığı ilə daha bir turnir təşkil edilib. "Ağ at” idman mərkəzinin ev sahibi olduğu Bakı açıq çempionatında 65 qol güləşçisi qolunun gücünü sınayıb. Qaliblərə AQGF-nın diplomları verilib.

Federasiya bu növün gənclər və yeniyetmələr arasında daha geniş yayılması məqsədi ilə turnirləri müntəzəm şəkildə keçirib. AQGF-nin təşkil etdiyi növbəti yarış aprel ayında Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilən Azərbaycan çempionatı olub. Çempionat kütləviliyi ilə seçilib. Belə ki, respublikamızın müxtəlif bölgələrini təmsil edən 125 qol güləşçisi ölkə çempionu titulu uğrunda yarışıb. AQGF yay aylarında tətilə çıxmayıb və "Gənclik şəhəri” Sumqayıtda kişilər arasında şəhər çempionatı təşkil edib. Avqustun 24-də Sumqayıtda keçirilən bu yarışda 105 idmançı öz gücünü yoxlayıb. Müxtəlif yaş qruplarında çıxış edən sumqayıtlılar 8 çəki dərəcəsində qalibi müəyyənləşdiriblər.
Oktyabr ayının 19-20-də isə qol güləşçiləri "Emir” idman kompleksinə toplaşıblar. Bu yarışda 11 çəki dərəcəsi üzrə 50 idmançı mübarizə aparıb.
Noyabr ayının 5-də qol güləşçiləri 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş turnirdə (60 idmançı) iştirak ediblər. Azərbaycan Qol Güləşi Federasiyasının 2013-cü ildə təşkil etdiyi yarışlarda ümumilikdə 710 idmançı mübarizə aparıb. Yarışda iştirak edənlərin əksəriyyəti yeniyetmələr və gənclər olublar. Bu, gənclərin qol güləşinə göstərdiyi maraqdan irəli gəlir. Federasiya rəhbərliyi bu növün respublikamızda geniş təbliği, inkişaf etdirilməsi məqsədi ilə, mütamadi olaraq, müxtəlif təhsil müəssələrində, güc nazirliklərinin ayrı-ayrı strukturlarında turnirlərin keçirilməsinə də, xüsusi önəm verir. Mart ayının 27-də Polis Akademiyasının qol güləşi üzrə birinciliyinin keçirilməsi bu qəbildən olan yarışlardandır. Akademiyanın birinciliyi uğrunda yarışda 50 ilmançı iştirak edib. Mart ayının 30-da isə Daxili İşlər Nazirliyinin birinciliyi təşkil olunub. Nazirliyin 90 əməkdaşı bu yarışda öz qolunun gücünü sınayıb.
AQGF-in yığma komandası 2013-cü ildə beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edib. Qol güləşçilərimiz bu il iki beynəlxalq yarışda mübarizə aparıblar - Avropa və dünya çempionatında. May ayının 5-12-də Litvada 23-cü Avropa çempionatı keçirilib. Bu yarış qol güləşçilərimiz üçün uğurlu olub. Çempionatda 13 idmançı ilə təmsil olunan komandamız vətənə 13 medalla dönüb (8 qızıl, 2 gümüş, 3 bürünc).
Vüsal Zeynalov, Minabəddin Qurbanov, Hüseyn Əmənli və Vilayət Namazzadə hərəyə 2 qızıl medal qazanıblar. Neymət Vəkilov 2 gümüş medala layiq görülüb. Komandamızın aktivinə bürünc medalları Rüstəm Qurbanov və Qismət Vəkilov yazdırıblar. Üçrəngli bayrağımızın Litvada 8 dəfə ən yüksəkdə dalğalandırılması, himnimizin səsləndirilməsi Azərbaycan idmanın uğurudur.
Sentyabr ayının 1-8-də isə qol güləşçilərimiz Polşada keçirilən 35-ci dünya çempionatına qatılıblar. Bu mötəbər yarışda komandamız 14 idmançı ilə mübarizə aparıb. Yığmamız bu dəfə də əla çıxış edərək 13 medal qazanıb. Rüstəm Qurbanov, Minabəddin Qurbanov və Qismət Vəkilov qızıl medala layiq görülüblər. Vilayət Namazzadə isə Polşada 2 dəfə fəxri kürsünün birinci pilləsinə qalxıb. 7 qol güləşçimiz gümüş, 1 idmançımız isə bürünc medalla kifayətlənib. Beləliklə, qol güləşçilərimiz 2013-cü ildə iştirak etdikləri Avropa və dünya çempionatlarında ümumilikdə 26 medal qazanıblar (13 qızıl, 9 gümüş, 4 bürünc). Müqayisə üçün deyək ki, 2012-ci ildə qol güləşçilərimiz analoji yarışlarda və Dünya kubokunda 17 medal əldə ediblər. Bunlardan 10-u qızıl, 3-ü gümüş, 4-ü bürünc olub. Medalların sayı və əyarı federasiyanın dinamik fəaliyyətinin göstəricisidir.
Dekabrın 13-də Azərbaycan İqtisad Universitetinin akt zalında AQGF-nin 2013-cü ilin yekunlarına həsr olunmuş iclası, həmçinin hesabat-seçki konfransı keçirildi. Tədbirdə federasiyanın il ərzində gördüyü işlər, təşkil olunan yarışlar , qol güləşçilərimizin Avropa və dünya çempionatlarında əldə etdikləri nailiyyətlərdən söhbət açıldı. Bu il yüksək nəticələr qazanan idmançılara federasiyanın dipliomları, qiymətli hədiyyələr və pul mükafatı verildi. Hesabat -seçki konfransında iştirak edən 127 idmançının səsverməsi nəticəsində Cəsarət Əhmədov 7 il müddətinə Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti seçildi. Federasiyanın İdarə Heyətində də dəyişikliklər edildi.

Hürrü Abdullayev