Azərbaycanda alternativ enerji ilə işləyən idaman mərkəzi istifadəyə verilib

Azərbaycanda alternativ enerji ilə işləyən idaman mərkəzi istifadəyə verilib


Dekabrın 29-da Masallı rayonunun Boradigah qəsəbəsində Azərbaycanda ilk dəfə alternativ enerji ilə işləyən idaman mərkəzi istifadəyə verilib.
1600 kvadratmetr ərazidə tikilən idman mərkəzinin elektrik sistemi günəş panelləri ilə təmin edilib.

Binanın damında 70 kilovat enerji verən 280 ədəd günəş panelləri quraşdırılıb. Burada 9 nəfər daimi işlə təmin olunacaq. 2,5 hektar ərazini əhatə edən idman mərkəzinin ərazisində gələcəkdə stadionun və hotelin tikilməsi də nəzərdə tutulub. Mərkəzin idman zalında mini futbol, voleybol, basketbol, həndbol, güləş və atletika yarışlarının keçirilməsi üçün hər cür şərait yaradılıb. Burada, həmçinin, məşq otaqları inşa edilib, trenajorlar quraşdırılıb.
Yeni idman mərkəzinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Milli Məclisin deputatı Elmira Axundova qəsəbə sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edərək deyib: «2005-ci ildə bu dairədən deputatlığa namizədliyim irəli sürülərkən seçilərim mənə qəsəbədə müasir tipli idman mərkəzinin tikilməsini tapşırmışdılar. Nazirlər Kabineti seçici tapşırığına əsəsən irəli sürdüyümüz təşəbbüsü bəyəndi və bu işdə bizə dəstək oldu. Bu gün çox sevinirəm ki, seçicilərimin sosial problərindən biri də öz həllini tapıb.
Gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün idman mərkəzində hər cür şəraitin yaradılıb. Əminəm ki, qəsəbə idmançıları gələcəkdə daha böyük uğurlara imza atacaqlar».

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsini icra edən Cəmil Məlikov çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 18 yanvar tarixli Sərəncamı ilə Sənaye və Energetika Nazirliyinin tərkibində yaradılan Agentlik dövlətimizin başçısının diqqət və qayğısı sayəsində 2013-cü il fevralın 1-dən müstəqil qurum kimi fəaliyyətə başlayıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qəsəbə sakinlərini Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, idman mərkəzinin tikintisində əməyi olan bütün insanlara minnətdarlığını bildirib.
Milli Məclisin deputatı Elmira Axundova idmançılara idman geyimləri və futbol topları hədiyyə edib.