2013-cü il Sumqayıt idmanı üçün uğurlu olub

2013-cü il Sumqayıt idmanı üçün uğurlu olub


2013-cü ilin yekunları ilə bağlı Sumqayıt şəhər Təhsil Şöbəsinin akt zalında idman ictimaiyyətinin nümayəndələri, idman təşkilatlarının rəhbərləri və mətbuat nümayəndələrinin iştirakı ilə Dünya və Avropa yarışlarında yüksək nailiyyətlər əldə etmiş bir qrup idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov 2013-cü ilin respublikamızın, o cümlədən şəhərimizin həyatında zəngin hadisələrlə yadda qaldığını deyib. Musa Həsənov il ərzində şəhərdə fəaliyyət göstərən idman təşkilatları ilə birgə 23 idman növü üzrə 400-dən artıq şəhər birinciliyi, çempionatlar, kütləvi bədən tərbiyəsi və idman tədbirləri, təlim-məşq toplanışlarının keçirildiyini bildirib. Bu tədbirlərə 20 minə yaxın iştirakçı və 10 minlərlə tamaşaçının cəlb olunduğu vurğulanıb. Tədbirə qeyd edilib ki, Sumqayıt idmançıları Respublika və beynəlxalq səviyyəli yarışlardan 291-i qızıl olmaqla 922 medal əldə ediblər.
Ayrı-ayrı idman növləri üzrə milli yığma komandanın tərkibində iştirak edən şəhər idmançıları tərəfindən beynəlxalq səviyyəli turnirlərdə, dünya, Avropa birincilikləri və çempinatlarından 178 medal əldə olunub. Bunlardan 15 qızıl, 6 gümüş, 17 bürünc medal Olimpiya oyunlarının proqramına daxil olan idman növləri üzrədir. Respublika üzrə ilin 10 ən yaxşı idmançısı sırasında cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyevin və 5 qat dünya çempionu Rəfael Ağayevin təmsil olunması böyük fərəh hissi ilə qeyd edilib. Eyni zamanda idmanda göstərdiyi xidmətlərə görə Firdovsi Ömərova (sərbəst güləş), əldə etdiyi yüksək nəticələrə görə Zülfüqar Süleymanova (ağır atletika) və Emil Əliyevə (ağır atletika) Bakı şəhərində mənzillərin verilməsi böyük minnətdarlıq hissi ilə qeyd edilib.
2013-cü ildə İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin 2-ci və 9-cu mikrorayonlarında yaradılmış nümunəvi məhəllələrdə 4 süni örtüklü mini futbol və voleybol meydançalarının istifadəyə verilməsi, şahmat lövhəsinin inşa edilməsi, mini futbol, velosiped, kross yarışları və digər kütləvi idman tədbirlərinin keçirildiyi bildirilib.
Tədbirdə bu il dünya, Avropa birincilik və cempionatlarında, kubok yarışlarında yüksk nailiyyətlər əldə edən 51 nəfər idmançı və məşqçiyə hədiyyələr təqdim olunub.